Müsavat Partiyası Respublika Gününü Novxanıda qeyd edib

Müsavat Partiyası Respublika Gününü Novxanıda qeyd edib

28-05-2019 14:46 / Bu xəbər 404 dəfə oxundu

Yürüşdən əvvəl onlarla polis arasında müəyyən gərginlik də yaşanıb

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək.

İlk öncə Müsavat Partiyası İstiqlal gününü Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önünə yığışaraq qeyd edib.

Müsavat partiyası ənənvi olaraq mərasimdən öncə partiya fəalları kəndin girişindən heykələ qədər yürüş keçiriblər.

Yürüşdən əvvəl onlarla polis arasında müəyyən gərginlik də yaşanıb. Saxlanlanlar olub. Amma sonradan aksiyaya müdaxilə edilməyib.

Onlar əllərində «İnsanlara hürriyyət, millətlərə istiqlal!» sözləri yazılan şüar tutublar. Yolboyu «Müsavat!» şüarı da səsləndiriblər.

Daha sonra abidənin önündə çıxışlar dinlənib. 

​Azərbaycan Xalq Cümhuriyyətinin araşdırmaçısı Nəsiman Yaqublu deyib ki, bir millət olmaqla bir dövlət olmağın fərqi var. Onun vurğulamasına görə, dünyada bir çox millətlərin heç dövləti yoxdur.

Daha sonra o, Xalq Cümhuriyyətinin qurucularından bəhs edib. «Biz bu şəxsləri nə qədər çox öyrənsək, o qədər güclü toplum olacağıq», - o söyləyib. 

O vurğulayıb ki, Cümhuriyyətin qurucuları orta məktəblərdə, ali məktəblərdə daha çox öyrənilməlidir.

"Gün gələcək Xalq Cümhuriyyətinin 1001-ci il dönümünü qeyd edəcəyik".

Bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib. 

Onun sözlərinə görə, Xalq Cümhuriyyətinin önəmi illər keçdikcə, artır.

İsa Qəmbər vurğulayıb ki, Cümhuriyyət Azərbaycanın şərəfli keçmişi, ləyaqətli gələcəyidir. O, daha sonra deyib ki, Cümhuriyyətin önəmini artıran iki qüvvə var:

"Biri sizlərsiniz. Bu dəyərləri bilən, dərk edən, bu dəyərlər yolunda hər cür fədakarlığa, itkilərə, qəhrəmanlığa hazır olan sizlərsiniz. İkinci qüvvə də, nə qədər də qəribə olsa, Əliyev rejimidir".

Onun sözlərinə görə, Əliyevlər hakimiyyəti 1993-cu ildən bugünə qədər bu müqəddəs günlə mübarizə aparır:

"Bu müqəddəs dəyərləri hörmətdən salmağa çalışırlar. Bu müqəddəs dəyərləri xalqımızın, xüsusilə gənclərin qəlbindən, şüurundan çıxartmağa çalışırlar. Nə qədər çox səy göstərsələr də, xalqımız bu dəyərlərə daha çox bağlanır, bu dəyərlərin əhəmiyyətini dərk edir...".

Lakin bu yerdə elektrikin sönməsi ilə onun çıxışı yarımçıq qalıb. Bundan sonra aksiya iştirakçıları «İstefa!» şüarı səsləndiriblər.

Bir qədər sonra yenidən elektrikin verilməsi bərpa olunub və İsa Qəmbər çıxışına davam edib.

"Siz yüz yalan danışa bilərsiniz, amma həqiqət birdir", - deyə o vurğulayıb.

Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd edilir. Respublika Günü rəsmi dövlət bayramıdır və iş günü deyil.

Bununla yanaşı bu il bəzi siyasi qurumların Bakının İstiqlaliyyət küçəsində, ilk parlament binasının önündəki İstiqlaliyyət abidəsinin kütləvi ziyarətinə imkan verilməyib. Buna səbəb kimi mayın 29-da Bakıda Avropa Futbol Liqasının finalının keçiriləcəyi göstərilib.

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirib, müstəqil dövlətin atributlarını formalaşdırıb.

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Xalq Cümhuriyyət süqut edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları xaricə mühacirət etməyə məcbur edilib. Baş nazirlər Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli qətlə yetirilib, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qalıb.

71 il sonra Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisidir və bu gün Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Respublika Günü Azərbaycanda 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.///amerikanınsesi.org