Müsavat Partiyası: Seçkilərin nəticəsi ləğv edilsin

Müsavat Partiyası: Seçkilərin nəticəsi ləğv edilsin

10-02-2020 23:29 / Bu xəbər 1197 dəfə oxundu

Müsavat Partiyası 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə bəyanat yayıb.

Bəyanatda seçkilərin demokratik seçkiqabağı mühit, müvafiq hüquqi baza və bərabər siyasi rəqabət olmadan keçirildiyi qeyd olunub: "Növbədənkənar seçkilər keçirilməsinin səbəbləri aydın şəkildə izah edilməyib, seçkilər növbədənkənar olduğuna və qəfil təyin edildiyinə görə isə siyasi qüvvələr və ictimaiyyət seçkilərə hazırlaşa bilməyib. Müxalifətin və beynəlxalq orqanların seçki islahatı ilə bağlı təklifləri müzakirə olunmayıb”.

Müsavat Partiyası bildirib ki, səsvermə və səslərin hesablanması prosesi kütləvi pozuntularla müşayiət olunub. 

Azərbaycan parlamentinə seçkilər azad və ədalətli olmayıb, seçkilərin elan edilən nəticələri isə xalqın iradəsini əks etdirmir. Partiya tələb edir ki, növbədənkənar 9 fevral seçkilərinin nəticələri ləğv edilsin; ölkədə real siyasi islahatlar həyata keçirilsin; seçkiqabağı demokratik şərait yaradılsın; fundamental azadlıqlar təmin edilsin; siyasi məhbuslar dərhal azad edilsin; müxalifət və beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, Seçki Məcəlləsinə dəyişikliklər edilsin; bərabər siyasi rəqabət şəraiti yaradılsın.