Müsavat Rəsulzadənin abidəsi önündə mitinq keçirdi - FOTOLAR

Müsavat Rəsulzadənin abidəsi önündə mitinq keçirdi - FOTOLAR

31-01-2018 15:11 / Bu xəbər 932 dəfə oxundu

Bu gün, yanvarın 31-də saat 12 radələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum günü münasibəti ilə Müsavat Partiyasının üzvləri onun Novxanı kəndindəki abidəsi önündə mitinq keçiriblər.

Müsavat Partiyasının tərəfdarları kəndin girişindən abidənin önünə gələnə kimi yürüş ediblər. Onlar «Müsavat», «Rəsulzadə», «Qarabağ» kimi şüarlar səsləndiriblər.

Daha sonra abidənin önünə əklil qoyublar.

Tədbirin aparıcısı, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib ki, bu il xüsusi önəm daşıyır, çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur.

Müsavat Partiyasının Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı isə deyib ki, bu il həm də Azərbaycanda prezident seçkisi keçiriləcək. Onun deməsinə görə, Müsavat Partiyası hakimiyyəti seçki yolu ilə dəyişmək niyyətindədir. 

G.Aslanlı vurğulayıb ki, onlar bu seçkidə keçmiş başqanları İsa Qəmbəri müdafiə edəcəklər. Aksiyanın gedişində həbsdə olan siyasi fəallara, jurnalistlərə azadlıq şüarı da səslənib.

Müsavat Partiyası başqanı Arif Hacılı da öz çıxışında M.Ə.Rəsulzadənin xidmətlərindən bəhs edib. O deyib ki, Azərbaycan yaşadıqca, M.Ə.Rəsulzadənin adı da daim yaşayacaq.

Müsavat partiyası başqanı da prezident seçkisinə toxunub. A.Hacılı vurğulayıb ki, bu prezident seçkisində cümhuriyyətin gerçək dəyərlərini bərpa etmək niyyətindədirlər.

Müsavatçılar aksiyadan sonra Novxanı qəbirstanlığında Rəsulzadənin qohumlarının qəbirlərini ziyarət etdilər.///bastainfo.com