Müsavat və MSDM referendumun nəticələrini müzakirə etdi

Müsavat və MSDM referendumun nəticələrini müzakirə etdi

28-09-2016 15:47 / Bu xəbər 930 dəfə oxundu

Sentyabrın 28-də Müsavat Partiyasının və MSDM-in təşəbbüsü ilə referendumun nəticələri ilə bağlı birgə Dəyirmi masa keçirildi.

Müsavatın qərargahında baş tutan tədbiri giriş sözü ilə açan MSDM sədri İsa Qəmbər qeyd etdi ki, hakimiyyət bu referendumu nə qədər gizli, ictimai müzakirə olmadan keçirməyə çalışsa da, Müsavat Partiyası və ümumilikdə demokratik müxalifət öz prinsiplərinə sadiq qalaraq prosesin bütün mərhələlərində ortaya mövqe qoydu.

Tədbirdə məruzə ilə çıxış edən Müsavat başqanı Arif Hacılı hakimiyyətin qəfil referendum qərarından sonra Müsavatın qısa müddət ərzində "Respublika” təşəbbüs qrupunun yaradıldığını və seçicilərdən 41 mindən artıq imza toplayaraq MSK-ya təhvil verdiyini bildirdi. Arif Hacılı qeyd etdi ki, Müsavatın imza kampaniyasını əngəlləmək üçün həmin mərhələdə imza toplayan şəxslərə total təzyiq təşkil edən hakimiyyət öz istəyinə çata bilməyib: "Bütün təzyiqlərə, həbslərə, hədələrə baxmayatraq, Müsavat 41 mindən artıq imzanı toplayaraq təhvil verdi. Bundan sonra hakimiyyət növbəti qanunsuzluğa imza ataraq, "Respublika” təşəbbüs qrupunu qeydə almadı”.

Arif Hacılı qeyd etdi ki, təşviqat kampaniyası dövründə repressiyalara rəğmən Konstitusiya dəyişikliklərinə etiraz olaraq kütləvi aksiyalar keçirilib. A.Hacılı bu aksiyalarda əhalinin hakimiyyətdən narazılığının miqyasının tam ifadə olunmadığını, cəmiyyətdə rejimə qarşı etirazın getdikcə artmaqda olduğunu bildirdi.

A.Hacılı müsavatçılarla yanaşı, imza kampaniyası dövründə və mitinqin təşkilində partiyaya dəstək verən D18, Nida və AMDP (Boz qurd) partiyasına minnətdarlıq etdi.  

Müsavat başqanı səsvermədə əhalinin cəmi 10-12 faizinin iştirak etdiyini, bu səbəbdən referendumun baş tutmadığını bildirdi.

"Biz referendumun nəticələrinin ləğvini tələb edirik”, – Arif Hacılı vurğuladı.

Daha sonra çıxış edən Müsavat başqanının müavini Elman Fəttah refernumun hüquqi və siyasi tərəflərini ayrı-ayrılıqda təhlil etdi. Hakimiyyətin bütün hüquqi prosedurları pozduğunu bildirən Elman Fəttahın fikrincə, bu referendumdan sonra Azərbaycanın Konstitusiyası özünün baş qanun əsaslarını itirib.

MSDM-in üzvü, yazıçı Mehriban Vəzir bu referendum nəticəsində itirilən hüquqların tam incələnməsi üçün hüquqşunasların iştirakı ilə müzakirə keçirilməsini təklif etdi.

KİV nümayəndələrinin də qatıldığı müzakirələrdə MSDM-in üzvləri İsgəndər Həmidov, Arzu Səmədbəyli, Müsavat başqanının müavinləri Gülağa Aslanlı, Yadigar Sadıqov, Divan üzvləri Vəfa Cümşüdlü, Alya Yaqublu, Rafiq İsmayıl və digərləri iştirak ediblər.

Bastainfo.com