Müsavat vəkillərlə bağlı bəyanat yaydı

Müsavat vəkillərlə bağlı bəyanat yaydı

19-11-2017 17:48 / Bu xəbər 1257 dəfə oxundu

Müsavat Partiyası hakimiyyətin müstəqil vəkillərə qarşı artan təzyiqlərini və ölkədə hüquqi nümayəndəlik institunu ləğv edilməsini pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir: 

"Azərbaycan hakimiyyəti demokratik institutların sıradan çıxarılması, siyasi fəallara, jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiq və repressiya siyasətini davam etdirir.

Bu siyasət indi də hüquqşünaslara və vəkillərə qarşı yönəlib. Hüquqi nümayəndəlik institunu ləğv edilməsi, paralel olaraq sayları bir neçə nəfərdən çox olmayan müstəqil vəkillər, daha çox siyasi məhbusların təmənnasız müdafiəçiləri kimi tanınan Nemət Kərimli, Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Yalçın İmanov və Aqil Layıca qarşı təziqlər göstərir ki, rejim vətəndaşların hüquqi yardım almaq, qanunsuz həbs olunan siyasi məhbusların müstəqil müdafiə olunmaq imkanlarını tamamilə aradan qaldırmağa çalışır.

Məhkəmə və İttiham orqanlarını tam nəzarətdə saxlayan rejim, çəkişmə sisteminin digər tərəfi olan müdafiə sistemini də hakimiyyətdən asılı olan Vəkillər Kollegiyası vasitəsi ilə tam nəzarət altına almaq, ölkədə ədalət mühakiməsi sisteminin tamamilə məhv edilməsi prosesini başa çatdırmaq planını həyata keçirir.

Müsavat Partiyası hakimiyyətin hüquqşünaslara qarşı bu total hucumunu qətiyyətlə pisləyir. Azərbaycan cəmiyyətini baş verən bu qanunsuzluqlara qarşı səfərbər olmağa, ölkəmizin üzv olduğu Beynəlxalq təşkilatları, demokratik dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəliklərini hakimiyyətin ölkədə hüquq sistemini birdəfəlik məhv etmək planınına qarşı aydın münasibət və qəti mövqe bildirməyə çağırır”.