Müsavatdan hakimiyyətə 7 tələb

Müsavatdan hakimiyyətə 7 tələb

13-02-2018 19:13 / Bu xəbər 937 dəfə oxundu

Müsavat Partiyasının mətbuat xidməti partiya Məclisin fevralın 10-da keçirilən növbədənkənar sessiyasında qəbul olunan qərarın tam mətnini açıqlayıb.

Arqument.Az-a daxil olan sənəddə deyilir: "Müsavat Partiyasının Məclisi 2016-cı ildə keçirilən saxta Referendumun nəticələrinə əsasən Seçki Məcəlləsinin "Seçici siyahılarının tərtib edilməsi” və digər maddələrini pozmaqla, seçkilərin səmərəli müşahidəsinin, o cümlədən beynəlxalq müşahidənin təşkilini qeyri-mümkün edən, heç bir izahat verilmədən 2018-ci il aprel ayının 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında ölkə başçısının Sərəncamının yaratdığı siyasi şəraiti müzakirə edərək qərara alır: 

- 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında Sərəncamın saxta referendumun nəticələrinə əsaslandığı, hakimiyyət tərəfindən əsaslı, inandırıcı izahatın verilmədiyi, ölkədə seçkiqabağı demokratik şəraitin olmadığını nəzərə alaraq, mübarizəni bu seçkilərdə iştirakdan imtina edərək davam etməyi qərara alır və növbədənkənar Prezident seçkilərinin ləğv olunmasını tələb edir.

- Seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Müsavat Partiyasının digər müxalifət qüvvələri ilə birlikdə hazırladığı ən zəruri əlavə və dəyişikliklər, ilk növbədə seçki komissiyalarında iqtidar və müxalifət nümayəndələrinin bərabər sayda, paritet əsasda təmsil olunması müzakirəyə qəbul edilsin.

- Prezident seçkilərində iştirak etmək niyyətini bəyan etmiş bütün namizədlərə imkanlar tanınsın.

- Beynəlxalq müşahidəçilərin seçki prosesində iştirakı təmin edilsin.

- Söz, ifadə, mətbuat və sərbəst toplaşma azadlıqları təmin edilsin.

- Siyasi məhbuslar azad edilsin.

- 2018-ci il aprel ayının 11-nə təyin olunan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə qarşı mübarizənin təşkil edilməsi istiqamətində real müxalifət qüvvələri ilə müzakirələrin başlanması məqsədəuyğun hesab edilsin".