Müsavatdan İlham Əliyevin seçki ilə bağlı sərəncamına reaksiya

Müsavatdan İlham Əliyevin seçki ilə bağlı sərəncamına reaksiya

05-02-2018 17:33 / Bu xəbər 1262 dəfə oxundu

"İlham Əliyevin bu sərəncamı opponentlərin prosesdə iştirakına əngəl törədilməsinə yönəlib" 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan Arqument.Az-a verilən məlumata görə, iclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər və qərarların icrası barədə məlumat verib.

Cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadənin 134 illik yubileyi ilə əlaqədar Novxanı qəsəbəsindəki abidəsi önündə Müsavat Partiyasının keçirdiyi tədbiri yüksək qiymətləndirilib.

Divan, dövlət başçısı İlham Əliyevin növbədənkənar Prezident seçkilərinin təyin edilməsi ilə bağlı sərəncamını geniş müzakirə edərək, bu sərəncamın onsuz da məhv edilmiş seçki mühitinin tamamilə aradan qaldırılmasına, opponentlərin prosesdə iştirakına əngəl törədilməsinə yönəldiyini bildirib. 

Dövlət başçısının heç bir zəruri əsaslar təqdim etmədən növbədənkənar Prezident seçkiləri təyin edilməsi haqda sərəncamı ölkədəki siyasi vəziyyətin müəmmalı olmasına dair ictimaiyyətdə xeyli cavabsız suallar yaratdığı qeyd edilib. 

Divan hakimiyyətdən növbədənkənar Prezident seçkiləri təyin edilməsinin siyasi səbəbləri və əsasları haqda ictimaiyyətin dərhal  məlumatlandırılmasını tələb edib.

Müzakirələrin yekununda Müsavat Partiyasının Divanı yaranmış yeni siyasi şəraitə uyğun, seçkilər haqda partiyanın ali orqanının qərarına ehtiyac olduğunu nəzərə alaraq Müsavat Partiyası Məclisinin sessiyasının çağırılması haqda qərar qəbul edib, eyni zamanda yeni siyasi situasiyanın real siyasi qüvvələrlə müzakirə edilməsi məqsədəuyğun sayılıb.

Sonda cari məsələlərə baxılıb.

Arqument.Az