Müsavatdan Lavrova və hakimiyyətə etiraz

Müsavatdan Lavrova və hakimiyyətə etiraz

20-01-2017 03:23 / Bu xəbər 1424 dəfə oxundu

Müsavat Partiyası Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmaması barədə açıqlamasına cavab olaraq, bəyanat yayıb. 

Bəyanatda deyilir: "Müsavat Partiyası Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmaması barədə açıqlamasını Rusiyanın uzun illər Qarabağ məsələsi ilə bağlı apardığı siyasətin açıq şəkildə ifadə olunması kimi qiymətləndirir. 

Bu açıqlama Rusiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almasının, Minsk qrupu həmsədrlərindən biri kimi işğalçı Ermənistanın maraqlarının müdafiəçisi olduğunun, beynəlxalq hüquqa zidd fəaliyyətinin göstəricisidir. 

Bu açıqlama eyni zamanda Rusiyanın Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını, problemin mümkün qədər uzadılmasında, bununla da bölgədə nəzarət rıçaqlarını saxlamaqda maraqlı olduğunu bir daha təsdiq edir. 

Müsavat Partiyası hesab edir ki, Rusiyanın bu mövqeyi Minsk qrupunun üzv ölkə statusuna və münaqişənin ədalətli həllinə nəinki uyğun deyil, bu yanaşma birmanalı olaraq Minsk qrupunun mandatına və münaqişənin sülh yolu ilə həllinə ziddir. 

Müsavat Partiyası Rusiyanın bu mövqeyini qəti şəkildə pisləməklə yanaşı, Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu, Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq normalarına uyğun olaraq münaqişənin həlli üçün addımların atılmasının Azərbaycanın suveren hüququ olduğunu bəyan edir". 

Partiya həmçinin Azərbaycan hakimiyyətinə də çağırış edib: "Müsavat Partiyası Azərbaycan hakimiyyətindən işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması istiqamətində diplomatik danışıqlarda qəti mövqe sərgilməyi, öz hakimiyyətlərini qorumaq məqsədi ilə apardıqları yanlış xarici siyasətdən imtina etməyi, konkret olaraq bu məsələdə Azərbaycanın maraqlarına uyğun olan adekvat addımlar atmağı tələb edir".

Arqument.Az