MSK daha iki dairədə 5 məntəqədə seçkilərin nəticəsini etibarsız sayıb

MSK daha iki dairədə 5 məntəqədə seçkilərin nəticəsini etibarsız sayıb

19-02-2020 20:53 / Bu xəbər 875 dəfə oxundu

MSK parlament seçkiləri zamanı pozuntular barədə şikayətlərə baxıb və 90 saylı Ağdaş Seçki Dairəsinin 6 və 7 saylı məntəqələrində səsvermənin nəticələrini etibarsız sayıb.

Həmçinin 47 saylı Mingəçevir Seçki Dairəsinin 9, 17 və 21 saylı məntəqələrində səsvermənin nəticələri ləğv olunub.
 
"Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Müraciətdə həmin dairədən qeydə alınmış namizədlər İbrahim Salamov və Qurbanəli Yusibov 14 seçki məntəqəsində seçkinin nəticələrini mübahisələndiriblər.  

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, yalnız 3 görüntüdə seçicilərin iradəsini aydınlaşdırmaq mümkün olmayıb. Beləliklə, MSK qərara alıb ki, 9,17, 21 saylı məntəqələrdə seçkilərin nəticələri etibarsız hesab edilsin.

Həmin dairədə lider namizəd Aydın Mirzəzadədir.

Məntəqələr üzrə səsvermənin nəticələrinin ləğvi qeyd edilən dairələrdə seçkilərin ümumi nəticələrinə təsir etməyib.

Bundan başqa, MSK 38 saylı Nizami ikinci (Gəncə), 97 saylı Göranboy-Ağdam-Tərtər, 51 saylı Qusar seçki dairələrindən şikayətlərin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi haqqında qərarlar qəbul edib.