MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb

MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb

27-02-2018 18:02 / Bu xəbər 5058 dəfə oxundu

Dövlət başçısı prezidentliyə ilk namizəd oldu

Mərkəzi Seçki Komissiyası fevralın 27-də keçirilən iclasında Azərbaycanın hazırki prezidenti İlham Əliyevin ölkədə aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini qeydə alıb.

İclasda bildirilib ki, İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün təqdim edilən 900 imza vərəqində 45 min imzadan 42 mini yoxlanılıb və imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən, bu sayda etibarlı imzalar İlham Əliyevin namizədlyinin qeydə alınması üçün kifayət etdiyindən, qalan 3 min imzanın yoxlama prosesi dayandırılıb.

İlham Əliyevlə birlikdə prezidentliyə 15 nəfərin namizədliyi irəli sürülüb. Hazırki dövlət başçısı qeydə alınan ilk namizəddir.

Azərbaycanda növbəti prezident seçkisi oktyabrda keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-ə ölkədə növbədənkənar prezident seçkiləri təyin edildi.

Əsas müxalifət partiyaları növbədənkənar seçkilərin təyin olunmasına səbəb kimi tutarlı arqumentlər gətirilmədiyindən prosesi boykot etmək qərarı veriblər.

İlham Əliyevin namizədliyi sədri olduğu Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında irəli sürülüb. Seçki kampaniyası başlamazdan əvvəl incəsənət xadimlərinin, din nümayəndələrinin birlikləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər.///meydan.tv