MSK təmsilçisi namizədə: "Qadınsan, get bozbaşını bişir"

MSK təmsilçisi namizədə:

22-02-2020 18:17 / Bu xəbər 1377 dəfə oxundu

Bu gün, fevralın 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb.

Bu barədə aktual.az məlumat yayıb. 

Məlumatda deyilir ki, məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib. 

Qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə, "Ramiz müəllim verilən qərardan vicdanınız rahatdırmı?" sualını ünvanlayıb. MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir". 

Günel Səfərova MSK təmsilçisinin fikrinə belə reaksiya verib: "Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi "bozbaşlar" seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı Vitse-prezident qadındır". 

Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Daha sonra R.İbrahimov iclas zalını tərk edib.