MSŞT Azərbaycanın üzvlüyünü dayandırmalıdır – Human Rights Watch

MSŞT Azərbaycanın üzvlüyünü dayandırmalıdır – Human Rights Watch

02-03-2017 16:53 / Bu xəbər 1698 dəfə oxundu

Mədən Sahəsində Şəffaflıq Təşəbbüsü (MSŞT) əsas islahatları həyata keçirmək iqtidarında olmadığına görə Azərbaycanın bu quruma üzvlüyünü dayandırmalıdır. 

Bu barədə Human Rights Watch, Article 19 və başqaları da daxil olmaqla, 21 beynəlxalq təşkilatdan ibarət koalisiyanın məktubunda deyilir.

Martın 8-9-da Boqotada MSŞT idarə heyətinin iclasında Azərbaycanın MSŞT-nın tələb etdiyi kimi vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoyulması üçün atmalı olduğu addımlar qiymətləndiriləcək.

"Azərbaycan hökuməti MSŞT-nin islahatlar aparılması haqqında tələblərinə məhəl qoymayaraq, ona təzyiq göstərib, ölkənin müstəqil vətəndaş cəmiyyətinin sistemli olaraq sıradan çıxarılmasına davam edib", - deyə HRW-nin Cənubi Qafqaz üzrə direktoru Georgi Qogiya bildirib.

"Azərbaycan hökuməti qeyri-hökumət qruplarının Azərbaycanda sərbəst fəaliyyət göstərməsinə imkan vermək üçün ciddi, sabit dəyişikliklər etmədikcə, MSŞT ölkənin iştirakını dayandırmalıdır", - deyə o bildirib.

MSŞT resurslarla zəngin ölkələrdə neft, qaz, onların hasilatından gəlirlər haqqında açıq ictimai müzakirələr yolu ilə daha səmərəli idarəetməyə təkan vermək üçün hökumətləri, şirkətləri və qeyri-hökumət təşkilatlarını birləşdirir.

MSŞT üzv hökumətlərdən "vətəndaş cəmiyyəti üçün əlverişli şərait yaradılmasını" və "ictimai debatları daraltan və ya məhdudlaşdıran hərəkətlərdən uzaq olmağı" tələb edir.

2016-cı ilin oktyabrında direktorlar şurasının sonuncu iclasında MSŞT vətəndaş cəmiyyətinin iştirakına mane olan hüquqi və bürokratik maneələrin aradan qaldırılması üçün Azərbaycana dörd ay verib.

MSŞT Azərbaycandan QHT-lərin qeydiyyatı, xarici donorlardan qrantların alınması və qeydiyyatı prosedurunu sadələşdirməyi tələb edib. Hakimiyyət müstəqil qrupların işinə mane olan mexanizmləri aradan qaldırmalıdır. Bir müddət əvvəl, 2015-cu ilin aprelində MSŞT hökumətin siyasəti ilə əlaqədar Azərbaycanın tamhüquqlu üzvlükdən namizəd üzv səviyyəsinə endirib.

2017-ci il fevralın 10-da bütün dünyadan 22 hüquq müdafiə təşkilatının imzaladığı və MSŞT Direktorlar Şurasına göndərdiyi məktubda Azərbaycan hökumətinin islahatlar həyata keçirilməsində irəliləyiş olmadığı qeyd olunur və Azərbaycanın üzvlüyünü dayandırmaq çağırışı yer alır.

Yanvarda Azərbaycan Nazirlər Kabineti qrantların qeydiyyatı qaydalarını dəyişdirən iki qərar qəbul edib, amma onlar MSŞT tələblərinə cavab verməyən məhdudlaşdırıcı qanunları aradan qaldırmayıb.

"Kosmetik dəyişikliklər Azərbaycanın MSŞT-dakı statusunun aşağı salınmasına gətirib çıxaran fundamental məsələlərə toxunmur", - deyə Article 19 təşkilatından Keti Morris bildirib.

Buna görə, vətəndaş cəmiyyəti üçün normal şərait yaradılması barədə öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycanın üzvlüyü dayandırılmalıdır.

Azərbaycan hakimiyyəti daim fəalları həbs edir və vətəndaş cəmiyyəti qruplarının mədən sənayesi üzrə ictimai debatlarda iştirak etməsinə mane olur.

MSŞT-də iştirak edən yerli vətəndaş cəmiyyəti koalisiyasının iki üzvü uydurma ittihamla həbsdədir, bir neçə digər üzv isə siyasi motivli təqiblərdən qorxaraq ölkədən qaçmaq məcburiyyətində qalıb, - deyə o qeyd edib.