“MTN işi”ndə daha bir qalmaqal

“MTN işi”ndə daha bir qalmaqal

28-06-2016 00:31 / Bu xəbər 1078 dəfə oxundu

Özünü asan İlqar Əliyevlə bağlı xitam qərarını ailəsinə verməyiblər

"MTN işi” üzrə ilk həbs edilənlərdən biri, Bakı İstintaq Təcridxanasındakı(BİT) kamerasında müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevlə bağlı yeni xəbər almışıq. Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin (ATM) rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin ölümündən sonra onun barəsindəki cinayət işinə xitam verilməyib. Həmin iş üzrə İ.Əliyevin vəkili olmuş Rəşad Mirmehdizadə ona və müvəkkili olmuş şəxsin ailə üzvlərinə iş üzrə xitam qərarının təqdim edilmədiyini bildirib. 

Yada salaq ki, bir müddət əvvəl İ.Əliyevin BİT-dəki müəmmalı ölüm işinin araşdəırlması dayandırılıb. Bu haqda qərar "cinayət tərkibinin müəyyən olunmaması” ilə əlaqələndirilib. Başqa sözlə, İlqar Əliyevi kənardan kiminsə özünü öldürməyə məcbur etdiyini müəyyən etmək mümkün olmayıb. İlqar Əliyevin ölüm işi bir neçə dəfə bir prokurorluqdan digərinə ötürülüb... 

Ötən il dekabrın 20-də İ.Əliyevin asılmış vəziyyətdə olan meyitini saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerada aşkarlamışdılar. Bundan sonra fakt üzrə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanmışdı. Bir neçə gün sonra isə cinayət işi Sabunçu Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilmişdi. Bir müddət cinayət işinin materialları Bakı Şəhər Prokurorluğunda saxlanıldı və  Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ötürüldü. Müəmmalı ölümdən ötən 6 aydan bir qədər artıq müddət ərzində istintaqın gedişatı haqda ictimaiyyətə məlumat verilməyib. 

Rəsmi məlumata görə İ.Əliyev 2015-ci il dekabrın 20-də 15:55 radələrində saxlandığı Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında intihar edib. Həmin vaxt kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb. Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılırdı.

Yada salaq ki, İlqar Əliyev Cinayət Məcəlləsinin 302-ci -əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma - qanunsuz dinləmə, 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309-cu - vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunmuşdu. O, "MTN çetesi”nin əsas aparıcı fiqurlarından biri olmaqla qanunsuz göstərişlərin əsas icraçısı kimi tanınırdı. İ.Əliyevin bildiklərini dilə gətirməsi illərlə bağlı qalan səs-küylü cinayətlərin üstünün açılması, həmin cinayətlərin sifarişçilərinin ifşa olunmasına səbəb ola bilərdi.

"MTN çetesi”nin məşhur simalarından olan İ.Əliyevin ölümündən sonra istintaqın onun rəis müavini postunda çalışdığı dövrlə bağlı epizodlar üzrə davam etdirilməsinin hansı prespektivləri var?  

"Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, Cinayət Prosessual Məcəlləsinin  39.1.5 maddəsinin tələbinə görə ölən şəxs barəsində cinayət işinin icraatına ölən şəxsə bəraət verilməsi tələb olunmursa – yəni onun yaxın qohumları cinayət işinin sona qədər davam etdirilməsinə, ölən qohumlarının heç bir cinayətdə əlinin olmadığını israr edir və bəraət verilməsini tələb edirlərsə, iş sona qədər araşdırılmalı, məhkəmədə bəraət məsələsi müzakirə edilməlidir.

"Hazırda İlqar Əliyevin də içində olduğu dəstənin işi üzrə istintaq gedir. Sonda sübutların qiymətləndirilməsi barədə qərar qəbul ediləcək. Yekun qərarda göstəriləcək ki, İlqar Əliyev öldüyünə görə barəsində xitam qərarı verilsin. Təbii ki, qohumları ona bəraət tələb etməsələr, belə bir qərar veriləcək. Əks halda iş məhkəməyə göndəriləcək” –deyə M.Baxış bildirib. 

Tanınmış hüquqşünas "İlqar Əliyevin əməllərindən zərər çəkən şəxslər onlara vurulmuş ziyanı qanuni şəkildə hansı formada tələb edə bilərlər” sualına belə cavab verdi: "İlqar Əliyev haqda cinayət işinə xitam bəraətverici əsasla veriləcəyi gözlənilmir. Onun barəsindəki cinayət işinə ittihamedici əsasla xitam verəcəklər. Zərərçəkmişlər bu halda onun barəsində qərarı alıb İlqar Əliyevin hüquqi varislərinə qarşı məhkəmədə iddia qaldırmalıdırlar. İlqar Əliyevin ailəsi varsa, onun həyat yoldaşı, yetkinlik yaşına çatmış övladlarına qarşı iddia qaldırıla bilər. Məhkəmə dövründə məlum olsa ki, İlqar Əliyevin məsələn, 100 min manatlıq əmlakı olub və həmin əmlak ölümündən sonra hüquqi varislərinə keçib, həmin məbləği aşmamaq şərti ilə iddia təmin oluna bilər.  Yəni 100 min manatlıq əmlakı məhkəmə İlqar Əliyevin varisindən tutulub İlqar Əliyevin zərər vurduğu şəxsə verilməsi haqda müvafiq qərar qəbul edə bilər”.

"İttihama görə İlqar Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Yəni o, sahibkarlara qarşı qanunsuzluq edərkən, onların əmlaklarının əlindən alınmasında iştirak edərkən mülki şəxs İlqar Əliyev kimi deyil, Milli Təhlükəsizlik Nazirliyinin Anti Terror Mərkəzinin rəis müavini olaraq törədib. Bu halda onun tərəfindən vətəndaşlara vurulan zərəri kim ödəməlidir” sualına M.Baxış belə bir cavab verdi "Təhqiqat, istintaq, prokurorluq oqranlarının qanunsuz hərəkətlərinə görə vurulmuş ziyana görə məsuliyyət – qanunsuz məhkum etmə, cinayət məsuliyətinə qanunsuz cəlb etmə, qəti imkan təbiri kimi həbs etmə, başqa yerə getməmə haqda iltizam tədbirinin qanunsuz seçilməsinə görə qərarı qəbul etmiş vəzifəli şəxsin təmsil etdiyi orqanın üzərindədir.  Bu halda zərərçəkənlər MTN-in həm də təhqiqat orqanı olduğuna istinad edib məhkmədə onlara MTN-in vəzifəli şəxsləri tərəfindən vurulan zərəri tələb edə bilərlər. Onlara dəymiş ziyan dövlət tərəfindən tam ödənməlidir”. 

Musavat.com