Murad Ədilov azadlığa buraxılmadı

Murad Ədilov azadlığa buraxılmadı

06-09-2018 11:31 / Bu xəbər 856 dəfə oxundu

Natiq Ədilov: ''Bizə qarşı müharibə elan edilib''

Sentyabrın 5-də 10 saylı cəzaçəkmə müəssisəsində AXCP üzvü Murad Ədilovun vaxtından əvvəl azadlığa buraxılması üçün verdiyi ərizəsi üzrə məhkəmə keçirilib. 

Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov dörd ildən çoxdur həbsdə olan M.Ədilovu azadlığa buraxmaqdan imtina edib. Bu barədə Meydan TV-yə M.Ədilovun qardaşı Natiq Ədilov məlumat verib.

AXCP mətbuat xidmətinin rəhbəri, "Azadlıq” qəzetinin və "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı N.Ədilovun sözlərinə görə, hakim 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin verdiyi mənfi rəyi əsas götürüb. Rəy də bundan ibarət olub ki, aprel ayında M.Ədilova töhmət verilib:

"Murad həmin töhməti qəbul eləmir. Müəssisədə siqaret çəkməyə görə adama töhmət veriblər. Aydın məsələdir ki, bu cür cəzalar gələcəkdə lazım olanda "Muradın intizam qaydalarına əməl etməməsinin sübutu” kimi ortaya qoymaq üçün öncədən hazırlanıb”.

N.Ədilov qeyd edir ki, Muradın azadlığa buraxılmaması xəbəri onun üçün gözlənilməz olmayıb: "Bu ölkəni idarə edənlər üçün qanun yox, insaf yox, mərhəmət yox...”

Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcəyini deyən N.Ədilov beynəlxalq təşkilatların münasibətindən də narazıdır.

Hesab edir ki, M.Ədilov və digər siyasi məhbusların azad edilməsi üçün beynəlxalq ictimaiyyətin yetərincə təpkisi yoxdur: "Düzdür, "Amnesty İnternational” Muradı "vicdan məhbusu” elan edib. Amma bu, sadəcə, bəyanatdır. Bir dəfə eşitmədim, görmədim ki, bu adama görə çağırış eləsinlər. Çağırış bir yana, adi məktub da göndərməyiblər ki, "darıxma, yaxşı olacaq”. Belə münasibət olan yerdə hakimiyyət Muradı və başqa siyasi məhbusları niyə azad etməlidir ki? Üstəlik, onun həbsinin əsl səbəbi mənim siyasi baxışlarım və tənqidçi jurnalist kimi fəaliyyətim olub, mən də mövqeyimdən geri çəkilməmişəm”.

N.Ədilov əlavə edir ki, bu, həm onların ailəsinə, həm azad mediaya, həm də təmsil olunduğu siyasi qüvvəyə - AXCP-yə qarşı düşmənçilik siyasətidir:

"Bizə qarşı müharibə elan edilib, biz bu müharibəni mütləq qələbə ilə bitirəcəyik”.

M.Ədilov 2014-cü il avqustun 11-də həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Ədilov narkotik ittihamını rədd edir və qardaşının fəaliyyətinə görə cəzalandırıldığını bildirir.