Mustafa Hacıbəyli məhkəmədən dərhal sonra prokurorluğa çağırıldı

Mustafa Hacıbəyli məhkəmədən dərhal sonra prokurorluğa çağırıldı

30-11-2018 12:19 / Bu xəbər 199 dəfə oxundu

Cümə günü Səbail Rayon Məhkəməsində hakim Nürəddin Bağırovun sədrliyi ilə bastainfo.com saytının şikayəti ilə bağlı məkəmə prosesi başa çatıb.

Məhkəmədə İddiaçı qismində saytın baş redaktoru Mustafa Hacıbəyli, cavabdeh qismində isə Baş prokurorluğunu nümayəndəsi Kənan Zeynalov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov iştirak ediblər.

Bu haqda Mustafa Hacıbəyli məlumat verib.

"Məhkəmə başlayan kimi hakim tərəfləri dinləmədən öz qərarını elan etdi. Heç məhkəmədə tərəflərin hüquqlarını onlara elan etməyə də ehtiyac duymadı. Bildirdi ki, məhkəmə şikayət üzrə icraata hazırlıq iclası mərhələsində xitam verib. Qərarın gələn həftə mənə təqdim olunacağını və bundan apelyasiya şikayəti verə biləcəyimi dedi”, – Mustafa Hacıbəyli bildirib.

"Hakim yalnız öz qərarını elan etdikdən sonra şərait yaratdı ki, tərəflər öz mövqelərini bildirsin. Mən prokurorluğun Basta saytında dərc edilən yazılarla bağlı fakt üzrə qaldırdığı cinayət işinin əsasız olduğunu, bunun senzuraya xidmət etdiyini, təqiblərlə üzləşdiyimi və prokurorluğun təqdimatı əsasında sayt bloklanarkən nazirlik tərəfindən hüquqi prosedurlara əməl olunmadığını bildirdim. Əvvəlcə İnzibati İqtisad Məhkəməsi, sonra Bakı Apellyasiya Məhkəməsi indi də Səbayil Rayon Məhkəməsi bu qanunsuzluqla bağlı ədaləti bərpa etmir. Mən indi hara müraciət etməliyəm? Bu sualla hakimə müraciət etdim. O dedi ki, qərardan apellyasiya şikayəti verə bilərsiz”, - baş redaktor bildirib. 

Bundan dərhal sonra Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğuna çağırılıb.

"Maraqlıdır ki, məhkəmə prosesi başa çatdıqdan 10 dəqiqə sonra mənə Bakı Şəhər Prokurorluğunun müstəntiqi Elçin Musayev zəng etdi. Müstəntiq məni vəkilimlə birgə prokurorluğa çağırdı. Çağırışın səbəbini bilmirəm, müstəntiq bunu demədi. Saat 15:00-da prokurorluğa gedəcəm”, – deyə Mustafa Hacıbəyli bildirib.

Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Orada bildirilib ki, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı adamlar internet vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlandığı bildirilib.

Prokurorluq bastainfo.com saytına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət də edib. Bundan sonra bastainfo.com saytına giriş məhdudlaşdırılıb. Mustafa Hacıbəyli dəfələrlə prokurorluğa çağırılaraq dindirilib. Həmçinin Basta saytının əməkdaşları Bakı Şəhər Prokurorluğunda şahid qismində ifadə veriblər. Mustafa Hacıbəylinin ölkədən çıxışına da qadağa qoyulub.

Bastainfo.com