"Muxtarlı" qambiti

19-06-2017 14:26 / Bu xəbər 1039 dəfə oxundu

Arif Əliyev

(Qambit – şahmatda oyunçulardan birinin mərkəzdə üstünlüyə nail olmaq üçün fiqurlarını qurban verdikləri debütlərin ümumi adıdır)

Jurnalist Əfqan Muxtarlı Tiflisin küçələrində sərbəst gəzəndə, bəlkə də, Azərbaycan hökuməti üçün bizə bəlli olmayan səbəblərdən bəzi narahatlıqlar yaradırmış. Amma gətirilib Bakı həbsxanasına salınan kimi hökumətin  əməlli-başlı başağrısına, özünün özünə yaratdığı ciddi problemə çevrilib.

Elə bir əməl törədilib ki, onu izah etmək üçün bir dövlət qurumu (Baş prokurorluq) hakimiyyətin digər qolunun (Milli Məclisin insan hüquqları komitəsinin) nümayəndəsinin bəyanatını təkzib etməli olur, Gürcüstanın Təhlükəsizlik xidməti ilə Azərbaycanın hüquq-mühafizə orqanlarının rəsmi məlumatları dabandabana zidd gəlir. Biri deyir «yaşıl» sərhəd zonasında saxlanılıb, o biri deyir Balakən ərazisində qaçmağa cəhd göstərəndə tutulub. Jurnalist özü isə Tiflisdə başına torba keçirilərək oğurlandığını bildirir. Üçündən ikisinin yalan danışdığı aşkardır. Maraqlıdır ki, həm Gürcüstanda, həm Azərbaycanda, həm də olaydan heyrətə gəlmiş Avropa ölkələrində hamı sonuncuya inanır.

Budur, Avropa Parlamenti öz mövqeyini Əfqan Muxtarlı məsələsi ilə əlaqədar xüsusi qətnaməsində ortaya qoydu, ölkəmizin ünvanına ağır tənqidlər söylədi, yeni tələblər irəli sürdü. Ona qədər bu adda-soyadda jurnalist tanımayan avropalı deputatlar üçün indi Muxtarlı Azərbaycanda insan hüquqlarına, media azadlığına qarşı basqıların parlaq sübutuna çevrildi.

Əhvalat nə qədər xoşagəlməz olsa da, onun Azərbaycanın daxilindəki inert şəraitə ciddi təsir göstərməyəcəyi qənaətindəyəm: həbsdə yatan jurnalistlərin sayı 10 idi, 11 olacaq. (Belə bir qəddar həqiqəti aşkar dilə gətirdiyimə görə məndən inciməyin.) Hətta, ehtimal edirəm ki, deputatlarımız bu gün-sabah toplaşıb Avropa parlamentinə barmaq silkələyib «gedin, öz işinizlə məşğul olun» deyəcəklər, kimsə «erməni əlaltılarını» yada salacaq, kimsə «inkişafımızı gözü götürməyib bizə şər atanların» kölgəsini qılınclayacaq.

Ancaq eyni zamanda şübhəm yoxdur ki, Avropa parlamentinin qətnaməsinin Gürcüstana mühüm təsiri olacaq, Azərbaycan-Gürcüstan münasibətlərində yaranmış çatın dərinləşməsi təhlükəsini artıracaq və Qərb dünyasında onsuz da zədəli imicimizi bir az da korlayacaq.

Niyə, nəyin naminə ölkə belə itkilərə hazırdır? Hansı ağılın məhsuludur bu şanlı əməliyyat? Gəlin, bir anlığa inanaq ki, Əfqan Muxtarlı sərhəddən bu yana informasiyadan əlavə, «ölkədə təhlükəsizlik mühitinin pozulmasına xidmət göstərən» (deputat Nəsirovun ifadəsi) nəsə ötürürmüş. Ancaq onun vura biləcəyi ziyan hökumətin öz-özünə, ölkənin beynəlxalq əlaqələrinə, imicinə vurduğu ziyanla müqayisə oluna bilərmi?

Bir neçə gün öncə İngiltərə səfirliyinin təşkil etdiyi qəbulda hovuz qırağında politoloqlarla söhbət edirdik. Onlardan biri «bu əməliyyat Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasına çalışan qüvvələrin fəaliyyətinin nəticəsi ola bilər», dedi. Etirazım yoxdur. Bəs nə vaxtadək ölkənin səlahiyyət sahibləri həmin qüvvələrin uğurlu fəaliyyətini izləyəcək, susacaq, yaxud onların əməllərinin ört-basdır edilməsi üçün bəyanatlar verəcək? Hərbi nazirlikdə irinləyib-irinləyib birdən partlayan çibanın ağrısı yaddan çıxdımı?

Avropa parlamentinin qətnaməsini şərh edən hüquqşünas İntiqam Əliyev:”İndi hökumət iki yoldan birini seçməlidir”, — deyir. "Ya islahatlara getmək, ya da əvvəlki siyasətini eyni inadla davam etdirmək”. Yəni, ən bəsit formada: ya ziyanın yarısından dönmək, Muxtarlını azad etmək, onu qaçıran «kovboyları» cəzalandırmaq, ya da «düz eləmişəm, əcəb eləmişəm» söyləyərək yaxın qonşularımızın və uzaq Avropanın üzünə durmaq.

Doğrudan, maraqlı seçimdir. Hüquqi baxımdan da, mənafe nöqteyi-nəzərindən də. İkincı halda təkcə şahmatda deyil, gərək ki, psixologiya elmində də onun xüsusi adı var.

ayna.az