Müxalif xanım fəal açıqlama yaydı

Müxalif xanım fəal açıqlama yaydı

06-04-2018 00:42 / Bu xəbər 2745 dəfə oxundu

O bildirir ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb.

"Mən rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, məndən narahat olmamanız üçün məlumat versin”, - o qeyd edir.

Mövlamlı onun barəsində sosial şəbəkələrdə yayılan məlumaytları əsassız sayır.

"Məni yaxından tanıyan insanlar bilir ki, haqqımda hər şey yazmaq olar. Amma əxlaqsızlıq, guya haradasa tutulmuşam kimi yazılan məlumatlara inanmayın. Mən tutulmamışam. Evimizdəyəm, hər şey qaydasındaıdr. Sizi narahat qoyduğuma görə üzürlü sayın ”, - o qeyd edib.

Hüquq müdafiəçiləri, siyasi partiya təmsilçiləri, ictimai fəallar 17 yaşlı Fatimə Mövlamlı ilə bağlı kampaniyaya başlayıb. 

"Fatiməni tapın! Fatiməni azad edin!” adı altında keçirilən kampaniyanın məqsədi martın 31-dən indiyədək harada saxlandığı bəlli olmayan gənc fəal Fatimə Mövlamlının tapılması, əgər həbsdədirsə, onun azadlığa buraxılmasına nail olmaqdır. Bu barədə aprelin 5-də ictimai-siyasi fəalların keçirdiyi toplantıda hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

"Fatimə Mövlamlı yoxa çıxsa da, əslində, onun ictimai-siyasi proseslərdə aktiv iştirakına görə müəyyən orqanlar tərəfindən oğurlandığı ehtimal edilir. Mən ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşdə də israrla xahiş etdim ki, onlar da öz əlaqələrindən istifadə edib bu məsələ ilə maraqlansınlar. 17 yaşlı yeniyetmənin, aktiv fəaliyyətinə – "Facebook”da çağırışlar etməsinə, mitinqlərdə iştirakına, müəyyən kampaniyalara dəstək verməsinə görə oğurlanıb cəzalandırılması çox pis haldır. Bu insanın taleyi ilə bağlı qeyri-müəyyənlik var”, – O.Gülalıyev bildirib.

Oqtay Gülalıyev bildirib ki, kampaniya çərçivəsində müvafiq dövlət orqanlarına müraciətlər göndəriləcək, sosial şəbəkələrdə bu məsələ gündəmdə saxlanacaq.

Yaxınlarının sözlərinə görə, Mövlamlıdan martın 31-dən sonra xəbər yoxdur. Onun üzərində prezident İlham Əliyevin şəkilləri olan plakatların yayılmasından ibarət "Diktatoru tanıdaq” adlı kampaniyaya qoşulduğu, yoxa çıxmamışdan bir gün öncə polis tərəfindən saxlanıldığı və sonradan azadlığa buraxıldığı bildirilir.

Daxili İşlər Nazirliyindən Mövlamlının durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevi hədəfləyən "diktatoru tanıdaq” adlı aksiyalar keçirirlər.

Ancaq hakimiyyət rəsmiləri bildiriblər ki, prezident Əliyevin opponentlərinə Azərbaycanda sivil şəkildə mübarizə aparmağa hər cür şərait var. Rəsmilər ölkədə heç kəsin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

amerikaninsesi.org