Müxalifətdən Bayram Məmmədova çıxarılan hökmə sərt reaksiya

Müxalifətdən Bayram Məmmədova çıxarılan hökmə sərt reaksiya

09-12-2016 01:37 / Bu xəbər 1535 dəfə oxundu

"Bayram Məmmədov haqqında çıxarılmış məhkəmə hökmü siyasi sifariş əsasında verilib. Bayram Məmmədov heç bir cinayət törətməyib, onu məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə şərləyiblər. Ona qarşı irəli sürülmüş narkotika ittihamı tamamilə əsassızdır”.

Bunu Toplum.Tv-yə Azərbaycan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində nidaçı Bayram Məmmədova oxunan hökmə münasibət bildirərkən deyib. 

AXCP sədri bildirib ki, Azərbaycan hökuməti bu hökmlə növbəti səhvinə imza atıb: "Həm Qiyasın, həm də Bayramın məhz Heydər Əliyevin abidəsinin üzərinə yazdıqları şüura görə 10 il müddətə məhkum edilməsi Azərbaycanı bütün dünyanın gündəminə gətirib. Bu mövzu təkcə Azərbaycanda yox, bütün dünyada gündəmin əsas məsələsinə çevrilib. Dünya görür ki, Azərbaycandakı rejim şəxsiyyətə pərəstişi, bütpərəstliyi təbliğ edir. Ölkənin hər yerində Heydər Əliyevə qoyulmuş heykəllər nəzərə çarpır və ona qarşı çıxanlarla repressiv dillə danışırlar. Əgər hökumət Bayramı və Qiyası belə sərt cəzalandırmaqla güman edirdisə ki, insanlarda qorxu yaradacaq buna nail ola bilmədi, əksinə baş verən şərləmə-cəzalandırma kampaniyası bumeranq effekti ilə hökumətin özünü vurdu. Bu gün bütün dünya Azərbaycandakı bütpərəstliyi və avtoritar rejimi məhkum edir, hər yerdə Bayramdan, Qiyasdan danışılır. Hesab edirəm ki, Azərbaycan hökuməti qanunsuz və öz maraqlarına zidd növbəti qərara imza atmış oldu”.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı Bayram Məmmədova oxunan 10 il hökmü hakimiyyətin repressiya siyasətinin davamı kimi qiymətləndirib: ”Bayram Məmmədova 10 il həbs cəzası verilməsi Azərbaycanda fərqli düşünən insanlara qarşı aparılan repressiya siyasətinin davamıdır. Təbii ki, Bayramın 234-cü maddə ilə narkotiklə heç bir əlaqəsinin olmaması hər kəsə aydındır. O, Heydər Əliyevin heykəlinin üzərinə şüar yazdığına görə həbs olunub və Azərbaycan hakimiyyəti bu məsələyə həddindən artıq dözümsüz münasibət bəsləyib. Ən pis halda Bayram və Qiyasın hərəkətinə inzibati hüquqpozma kimi yanaşmaq mümkün idi, lakin hakimiyyət bu məsələyə qeyri-adekvat münasibət bildirdi.

Faktiki olaraq ölkədə avtoritar rejimin, ailə hakimiyyətinin mövcudluğunu təsdiq edən ən ciddi amillərdən biri də məhz bir heykəl üzərinə bitərəf cümlə yazdıqlarına görə iki Azərbaycan gəncinə üst-üstə 20 il həbs cəzası verilməsi hakimiyyətin bu məsələyə münasibətinin təsdiqi oldu. Qiyas İbrahimov və Bayram Məmmədov siyasi məhbuslardır. Hesab edirəm ki, onlara qarşı tətbiq edilən maddə tamamilə qondarma və siyasi motivli maddədir, bu hər kəsə məlumdur. Onlar yalnız heykəlin üzərinə bir cümlə yazmayıblar, həm də yazdıqları bir cümlə ilə Azərbaycan tarixinə düşüblər. Qiyas və Bayram bir cümlə ilə tarix yazıblar".  
 
REAL idarə heyətinin üzvü Azər Qasımlı bildirib ki, Bayram Məmmədova 10 il həbs cəzasının verilməsi gözlənilən idi: "Eyni işə görə Qiyas İbrahimova da 10 il  hökm oxunmuşdu. Hakimiyyətin bu qəddarlığı – qanunları sərt şəkildə pozması törədilən hər hansı səhvə görə belə cəza verilməsi əvvəlcədən hər birimizə məlum idi. Hakimiyyət bu yolla cəmiyyəti ilk növbədə gəncləri qorxutmaq istəyir ki, onlar Bayram və Qiyas kimi aktiv olub, hökumətə qarşı çıxmasınlar.

Düşünürəm ki, gəncləri qorxutmaq üçün belə bir qeyri-adekvat qərar çıxarmaq yanlışdır. Əslində isə Bayram və Qiyas sübut etdi ki, Azərbaycan gəncliyi bu iqtidardan qorxmur. Bayram və Qiyas qəhrəmandır, onların bu addımlarının tarixdə öz yeri var və bu cəsarətli addımları müsbət nəticəsini verəcək. Ümid edirəm ki, bu iki gənc 10 il sonra deyil, daha tez azadlığa qovuşacaq və daha ciddi - Azərbaycan naminə işlərə imza atacaqlar. Ölkə bu günlərdə dəyişikliyə doğru gedir, onların bu addımı da müəyyən mənada dəyişikliyin simvolu hesab oluna bilər”.
 
"NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər isə məsələni belə şərh edib: ” Bayram və Qiyas Heydər Əliyevin heykəlinə şüar yazdıqlarına görə şərlənərək həbs olunublar. Məhkəmədən heç bir gözləntimiz yox idi. Siyasi sifarişlə Qiyasa oxunan hökm Bayrama da oxundu.

Məhkəmədə sübuta yetirildi ki, nə Bayramın, nə də Qiyasın narkotiklə əlaqəsi var. Onlar məhz heykələ şüar yazdıqlarına görə siyasi sifarişlə həbs olunublar. Qiyas da, Bayram da həbs olunan vaxtdan onların hüquqi və beynəlxalq müdafiəsi təşkil olunub. Bundan sonra da məhkəmələr davam edəcək və onların müdafiəsi ilə bağlı bütün mümkün addımlar atılacaq”. 
 
Xatırladaq ki, "Heykəl məhbusu" kimi tanınan gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov bu il may ayının 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Beynəlxalq təşkilatlar hər iki gənci siyasi məhbus kimi tanıyıb.

Ofelya Ramilqızı