Müxalifətdən parlamentin buraxılmasına reaksiya

Müxalifətdən parlamentin buraxılmasına reaksiya

28-11-2019 17:39 / Bu xəbər 602 dəfə oxundu

"Parlament ona görə vaxtından əvvəl buraxılır ki, rejim qəfil seçkilər keçirsin, növbəti dəfə onları saxtalaşdırsın". 

Bu barədə AXCP lideri Əli Kərimli öz feysbuk səhifəsində yazıb.

"Başa düşürlər ki, indi etiraz elektoratının sayı günbəgün artır, xalq çox sürətlə təşkilatlanır. Gələn ilin payızına kimi ölkədə qüvvələr nisbətinin necə dəyişəcəyini hökumət də bilmir", - deyə Kərimli yazıb.

Onun sözlərinə görə, Milli Şura və AXCP vəziyyəti ciddi şəkildə müzakirə edəcəklər: "Bir şeyi əminliklə deyə bilərəm. Bunlardan islahat, azad seçki, filan gözləməyin. Daha bir seçkini oğurlamağa çalışırlar", - Kərimli belə hesab edir.

REAL Partiyasının lideri İlqar Məmmədov vaxtından əvvəl parlament seçkiləri keçirilməsini müsbət qiymətləndirib. 

"Parlamentin buraxılması üçün əsaslar hələ mayda, Milli Məclis bizim təqdim etdiyimiz qanunvericilik təşəbbüslərinə (Bakıda seçkili mer institutunun tətbiqi haqqında) baxmaqdan imtina etdiyi zaman yaranıb.

Həmin vaxt parlament öz qanunvericilik funksiyalarını yerinə yetirməkdən yayınıb və bu, artıq onun buraxılması üçün əsas idi. Amma onda buraxmadılar, indi başqa səbəblərdən buraxırlar, qoy elə olsun. Bunu müsbət hal hesab edirik və seçkilərə hazırlaşırıq", - deyə Məmmədov bildirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı da hesab edir ki, parlament buraxılmalıdır. 

"Bu parlament, əlbəttə buraxılmalıdır. Çünki, xalqın səsverməsi, iradəsi ilə yaranmamışdı. Amma, bunun əvəzində yenə eyni və ya oxşar parlamentin yaranmaması üçün əvvəlcə ciddi seçki islahatları həyata keçirililməlidir", - deyə Hacılı öz "facebook" səhifəsində yazıb.