Müxalifətin mitinqinə razılıq verildi

Müxalifətin mitinqinə razılıq verildi

12-04-2018 14:22 / Bu xəbər 572 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının aprelin 14-nə təyin etdiyi mitinqə razılıq verib. 

Aksiya saat 15-dən 17-dək paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda ("İnşaatçılar” metro stansiyasının yanı) keçiriləcək.

14 aprel mitinqində əsasən seçki saxtakarlıqlarına etiraz bildirmək planlaşdırılır. 

Mərkəzi Seçki Komissiyasının ilkin hesabatına görə, 15 ildir dövlət başçısı postunu tutan İlham Əliyev aprelin 11-də keçirilmiş prezident seçkisində 86 faiz səslə qalib gəlib.

Milli Şura və Müsavat Partiyası bu il martın 10-da və 31-də İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinqlər keçirib. 

11 aprel prezident seçkisi ərəfəsində keçirilən bu mitinqlərin əsas şüarları "Azad seçki!”, "Korrupsiyaya yox!”, "Monarxiyaya yox!”, "Siyasi məhbuslara azadlıq!” olub.

 31 mart mitinqi Bakıda ermənilərin törətdiyi mart qırğınının 100 illiyinə təsadüf etdiyindən həmin gün təşkilatçılar aksiyada erməni terroru əleyhinə də şüarlar səsləndiriblər.