''Namusuma toxunacaqlarından ehtiyat edib özümü 3-cü mərtəbədən atdım''

''Namusuma toxunacaqlarından ehtiyat edib özümü 3-cü mərtəbədən atdım''

13-01-2017 16:57 / Bu xəbər 3551 dəfə oxundu

Yaqut Əliyeva Lənkəran Rayon Polis İdarəsində işgəncələrə məruz qaldığını deyir

"Azadə və Şəbnəm bacıları məni hədələdi"

"Polis İdarəsində etmədiyim cinayəti boynuma qoymaq üçün döydülər. Namusuma toxunacaqlarından ehtiyat etdiyim üçün özümü idarənin 3-cü mərtəbəsindən atdım".

Bu sözləri "Virtualaz.org" saytına hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Füzuli rayon sakini, 46 yaşlı Yaqut Əliyeva deyib. O, məcburi köçkün kimi Lənkəran rayonunun Şürük kəndində məskinlaşıb. Lənkəran rayon Polis İdarəsində işgəncələrə məruz qaldığını deyən qadının sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər.

Zərəçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar. Bir gecə orada saxladıqdan sonra idarənin rəis müavini Əlifağa Kazımov qəbul edib.

"O qədər döydülər ki, huşumu itirdim"

Qadının sözlərinə görə, rəis müavini polislərə qadını "toka" qoşmağı əmr edib:
foto virtualaz.org
"Orada rəis müavinin gözünün qarşısında dubinka ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırdılar”.

Yaqut Əliyeva deyib ki, döyüləndən sonra onu Lənkəran Rayon Prokurorluğuna aparıblar və orada başına gələnləri danışıb.

"Özümü ayaqyolunun pəncərəsindən atdım"

Prokurorluqda ifadəsi alınaraq buraxılsa da, polislər getməsinə imkan verməyib:
foto virtualaz.org
"Qan çıxarkən polis əməkdaşları məndən əl çəkmədilər. Qolumdan tutub maşına basaraq yenidən bölməyə gətirdilər. Bu dəfə daha möhkəm döydülər və prokurorluqda verdiyim ifadəmi dəyişdirməyimi istədilər. Döyülmə prosesində Əlifağa Kazımovun özü də iştirak edirdi.

Bu dəfə ölənin adamları da idarədə idi. Onlar da məni vəhşicəsinə döydülər. Rəis müavini məndən ölənin adamlarından üzr istəməyi tələb etdi. Ayaqlarına düşüb dedim ki, qələt eləmişəm. Mənim heç bir günahım yoxdur. Məni döyə-döyə telefona çəkirdilər. Ə.Kazımov məni təpiklə döydü, dedi ki, bu gecə başına oyun açacağam. Sonra polislərə dedi ki, bunu aparın aşağı, necə lazımdı dərsini verin. Dözə bilmədim, ayaqyoluna getmək üçün icazə aldım. Qorxdum ki, namusuma sataşarlar, özümü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən tulladım”.

"Kazımovun köməkçisi mənə dedi ki..."

Yaqut Əliyevanın sözlərinə görə, yıxılandan sonra polislər onu dövrəyə alıblar ki, birdən yaxınlıqdakı binaların yuxarı mərtəbəsindən kimsə hadisəni görüb kameraya çəkə bilər. 3 gün Lənkəran Rayon Xəstəxanasında qalan qadını polis əməkdaşları gecəyarısı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər:

"Ailəmə, uşaqlarıma özümü atmaqla və işgəncələrlə bağlı heç nə deyilməyib. Uşaqlarım balacadır - 6, 10, 13 yaşlarında. Yoldaşım rəhmətə gedib. Dalımca anam uşaqlarla birlikdə yemək gətiribmiş, onlara özümü atdığımı deməyiblər, deyiblər, izahatını alıb buraxacağıq. Neçə gündür əməliyyatımı da ləngidirlər. Xəstəxana pulsuz əməliyyat edir, amma qiyməti 1800 manata yaxın olan mil alınmalıdır. Onurğa sümüyüm sınıq-sınıqdı, amma dağılmayıb. Dünən Ə.Kazımovun köməkçisi bura gəlmişdi. Mənə dedi ki, niyə özünü ayaq üstə atmısan, başı üstə atardın, ölərdin də. Sonra qardaşımla danışıb. Ona pul təklif edib, deyib ki, mil üçün lazım olan pulun 1500 manatını biz verərik, üstünü özünüz düzəldin, əməliyyat olunsun. Amma bir şərtlə ki, bu məsələ bağlansın, qalanını özümüz ört-basdır edərik”.

Yaqut Əliyeva onu da deyib ki, 2013-cü ildə dünyasını dəyişən F.Hüseynovanı yaxşı tanıyır:

"Mən Fəxriyyə ilə tanış idim. O, elektrik sobasının üstünə yıxılaraq ölüb. Onun xəstə anasının altını da mən təmizləmişəm. Kasıb adam idi, kömək edirdim. Mənə borcu olan qonşuların polislə əlaqəsi var, onlar birlikdə bu işi planlayıblar. Mənim boynuma almadığımı görüb hadisəni o biri qonşum Elgün Həşimovun üzərinə atıblar ki, guya ikimiz F.Hüseynovanı boğmuşuq. İndi də Elgünü inzibati həbsdə saxlayırlar, guya polisə müqavimət göstərib”.

Həkim rəyi

Yaqut Əliyevaya bel nahiyyəsinin qapalı travması diaqnozu qoyulub. Ekspert rəyində bildirilir:
foto virtualaz.org
"L1-fəqərəsinin kompressiyon kanal yerdəyişmə ilə olan qəlpəli, qeyri-stabil sınığı. Hər iki mil və dirsək sümüklərinin distal hissəsinin oynaqdaxili sınıqları. Sağ aşıq-baldır oynağın, qamış sümüyünün distal ucunun qəlpəli yerdəyişmiş sınıq-çıxığı, solda bayır topuğun və daban sümüklərinin qəlpəli yerdəyişmiş sınıqları. Solda oturaq, sağda oturaq və qasıq sümüyünün horizontal, şaxələrinin sınıqları".

"Ona qarşı heç bir işgəncə olmayıb, deyilənlər də yalandır"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı Meydan TV-yə bildirib ki, DİN-in ötən il dekabrın 31-də yaydığı məlumatlardan birində Yaqut Əliyevanın adı keçir.
foto Meydan TV
Məlumatda qeyd edilirdi ki, 2013-cü il mayın 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın qətlini törədənlər tutulub. Lənkəran şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq, oradan 9100 manat pul, qızıl əşyalar aparmaları müəyyən edilib.

"Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar. Yaqut Əliyeva özünün hansı əməl törətdiyini bilirdi. Ona görə həbs olunan günün səhəri Polis İdarəsində ayaqyoluna gedən zaman özünü 3-cü mərtəbədən atıb. Görünür, o, cinayət törətdiyini yəqinləşdiyini bildiyindən belə addım atıb. Ona qarşı heç bir işgəncə olmayıb, deyilənlər də yalandır” - Ehsan Zahidov vurğulayıb.