"Narahatçılığa ehtiyac yoxdur" - Taleh Bağırzadə

07-08-2017 19:31 / Bu xəbər 1257 dəfə oxundu

"Şükür Allaha, yaxşıyam, hər şey normaldır. Narahatçılığa ehtiyac yoxdur...".

"Müsəlman Birliyi" Hərəkatının həbsdəki lideri, ilahiyyatçı Taleh Bağırzadə dünən, avqustun 6-da həyat yoldaşı Leyla İsmayılzadəyə telefonla belə deyib. Bu barədə onun xanımı Azadlıq Radiosuna bildirib.

Xanımı ilahiyyatçının Qobustandakı qapalı həbsxanada işgəncəyə məruz qalması barədə yayılmış məlumatlardan narahat olduğunu bildirib.

"Bizi dünən (avqustun 6-sı) Penitensiar Xidmətdə rəsmilərdən Oqtay Məmmədov qəbul etdi. Bizə söz verdilər ki, sabah (bu gün) həbsxanada Tale Bağırzadə ilə görüşə biləcəyik. Həm də o, bizə zəng edəcək", - deyən L.İsmayılzadə ötən gün həyat yoldaşının evə telefon açdığını bildirib:

"Durumunun yaxşı olduğunu dedi. Ona işgəncə verilməsi ilə bağlı yayılan məlumatlardan narahat oldu».

Xanımı bu gün, avqustun 7-si T.Bağırzadə ilə görüşməyib:

"Görüşə getməyimi özü istəmədi. Bu günlərdə öz otağına köçürüləcək. Bizə xəbər edəcək, gərəkli əşyaları alıb, sonra görüşə gedəcəyik".

İlahiyyatçının vəkili Yalçın İmanov da onunla hələlik görüşə bilməyib. Vəkil Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb, amma hələ də görüşdən ötrü gərəkli prosedurlar tam icra edilməyib.

"Oradan bildirdilər ki, mənim görüşlə bağlı məktubum çoxdan onlardadır. Mənə cavab göndərdiklərini də bildirdilər, amma cavabı almamışam. Qobustan həbsxanası ilə də əlaqə saxladım. Məktub onlara da çatmayıb. Bu o deməkdir ki, hələlik görüşə bilməyəcəyəm", - deyən vəkil gün boyunca müdafiə etdiyi şəxs ilə görüşməkdən ötrü əlaqəli qurumlarla təmasda olacağını ifadə edib.

Y.İmanov ilahiyyatçıya işgəncə verilməsi barədə bilgisiz olduğunu deyib. O, eyni zamanda, qızmar günlərdə məhbusun cərimə kamerasına (kars) salınmasının elə işgəncə olduğunu ifadə edib.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin Qobustandakı qapalı həbsxanaya göndərildikdən sonra - ötən həftəsonu işgəncəyə məruz qaldığı bildirilirdi. Üstəlik, onun cərimə kamerasına salındığı bildirilirdi. Bu haqda ilahiyyatçının yaxınları məlumat vermişdilər. Onun cərimə kamerasına salındığı təsdiqlənsə də, işgəncəyə məruz qalması ilə bağlı iddiaları onun özü də təkzib edib.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 90-a yaxın göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Taleh Bağırzadə isə 20 il həbs cəzası verilib. O, ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. İlahiyyatçının sözlərinə görə, həbs olunarkən və ondan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.

Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan daha 17 nəfər hökmdən apellyasiya şikayəti verib. Şikayətə iyulun 8-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.