“Nardaran işi” ilə bağlı hesabat hazırlanır

“Nardaran işi” ilə bağlı hesabat hazırlanır

11-02-2017 00:07 / Bu xəbər 1631 dəfə oxundu

Fevralın 10-da Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) növbəti toplantısı keçirilib və siyasi məhbuslarla bağlı ölkədə və beynəlxalq səviyyədə görülən işlər müzakirə olunub.

Tədbirə skayp vasitəsilə qatılan hüquq müdafiəçisi Leyla Yunus Avropada beynəlxalq təşkilatlarla keçirdiyi görüşlər barədə məlumat verib: "Avropa Birliyi başda olmaqla bir çox müxtəlif təşkilatlarla görüşdüm, yeni yaradılmış Siyasi Məhbusların Müdafiə Mərkəzi (SMMM) barədə məlumat verdim və qurumun 160 nəfərlik siyasi məhbus siyahısını bu qurumlara təqdim etdim, onları Azərbaycanda həbsdə olan siyasi məhbusları daha ardıcıl və prinsipial şəkildə müdafiə etməyə çağırdım”. 

Toplantıda  ikinci mərhələsi davam edən "Nardaran işi” və s. məhkəmə prosesləri barədə məlumat verilib.

Toplantı iştirakçıları Amnesty İnternational təşkilatının yaydığı "Azərbaycan: "Nardaran işi"-ndə işgəncə və ədalət mühakiməsi" adlı sənədi də müzakirə ediblər. Sənəddə "Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının daxil olduğu 18 nəfərin həbsi, işgəncə faktları və onlar haqqında olan məhkəmə qərarları əks olunub. 

Toplantı iştirakçıları bu sənədi müsbət dəyərləndiriblər, adı çəkilən təşkilatın Azərbaycanla bağlı fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildiriblər.

"Nardaran işi” ilə bağlı hazırda davam edən məhkəmə prosesi geniş müzakirə olunub, proseslə bağlı SMMM mərkəzinin hesabat hazırlaması qərara alınıb.

Bəzi siyasi məhbusların səhhətində ciddi problemlər yaranmasına  baxmayaraq, müayinə və müalicə olunmamaları pislənilib. Bir qrup siyasi məhbusun xəstəliklərinə baxmayaraq, müalicələrinə şərait yaradılmaması ciddi narahatlıq doğurub.

İclasda Siyasi Məhbusların Müdafiə Mərkəzinin 17 fevral 2017- ci ildə ictimaiyyət üçün təqdimatının keçirilməsi qərara alınıb.///contact.az