Narkomaniya ilə mübarizə

Narkomaniya ilə mübarizə

17-08-2017 00:45 / Bu xəbər 1867 dəfə oxundu

Yadigar Sadıqov

Dövlətin iştirakı olmadan aparılan mübarizənin faydalılıq əmsalının sıfıra yaxın olması qaçılmazdır

Narkomaniya mövzusunu həmişə diqqətdə saxlamışdım. Bu problemlə bağlı araşdırmalar aparmışam, bir neçə məqalə yazmışam, müsahibələr vermişəm. Çünki yaşadığım Lənkəran rayonunda narkomaniya və ondan törəyən sosial fəsadlar kifayət qədər ciddi problemə çevrilib. Elə digər rayonlar da istina deyil. Bu səbəbdən də dövlət başçısının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər etmək təklifi ilə çıxış etdiyini eşidəndə, ilk maraqlandığım məhz narkotiklərlə bağlı maddələr oldu.

Layihə ilə tanış olduqda məlum oldu ki, müvafiq maddələrdə də dəyişikliklər təklif edilir. 234.1. maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşımağa (son 4 hərəkət yeni əlavə olunub) görə əgər əvvəllər yalnız üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulurdusa, indi alternativ kimi üç ilədək azadlığın məhdudlaşdırılması cəzası da əlavə edilib.

"azadlığın məhdudlaşdırılması” cəzası əvvəllər yox idi. Təklif olunan dəyişikliklərdə bu cəza növü aşağıdakı kimi təsvir olunur:

Maddə 52-1. Azadlığın məhdudlaşdırılması

52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməsinə məhdudiyyət qoyur. 
52-1.2. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 
52-1.2.1. həftədə bir dəfə cəzanın icrasına nəzarət edən orqana gələrək qeydiyyatdan keçmək;
52-1.2.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, habelə həmin hüdudlar daxilində müəyyən yerlərə getməmək;
52-1.2.3. elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işinə xidmət etmək;
52-1.2.4. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;
52-1.2.5. cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq;
52-1.2.6. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;
52-1.2.7. məhkumun islah olunmasına kömək edən digər vəzifələr.
52-1.3. Azadlığın məhdudlaşdırılması altı aydan üç ilədək müddətə təyin edilir. 
52-1.4. Məhkəmənin müəyyən etdiyi vəzifələri qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanının təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilər. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
52-1.5. Azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarət edən orqanının təqdimatı əsasında məhkəmə məhkumun üşün əlavə vəzifələr müəyyən edə, habelə əvvəllər müəyyən edilmiş vəzifələri tamailə və ya qismən ləğv edə bilər. 
52-1.7. Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir)

Başqa bir dəyişiklik isə beş ildən on iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan 234.4. maddəsinə yeni "təhsil və səhiyyə müəssisələrində, habelə yetkinlik yaşına çatmayanlara və tələbələrə münasibətdə həmin şəxslər tərəfindən təhsil, idman və ictimai tədbirlərin keçirilməsi üçün istifadə edilən digər yerlərdə, habelə cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində törədildikdə” yazılmış 234.4.4. bəndinin əlavə edilməsindən ibarətdir.

Ümumiyyətlə, daha çox narkotik satışından bəhs edən 234.4 maddəsindən yazmaq, təkliflər vermək istərdim. Lakin bir məsələ var ki, günümüzdə bu maddə siyasi repressiya alətinə çevrilib. Hazırda xeyli sayda müxalifətçi bu maddə ilə şərlənərək həbsxanalarda cəza çəkir. Buna görə də bu haqda yazmağı qeyri-etik hesab edərək narkotik istehlakından bəhs edən 234.1 maddəsi ilə kifayətlənməyə məcburam.

Narkotik aludəçiliyinə tutulmuş şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması müzakirə mövzusu olaraq qalmaqdadır. Hər halda düşünən dünyada. Bizdə narkotik istehlakı apriori hüquqi məsuliyyət yaratmır.

"Şəxsi istehlak miqdarından artıq miqdarda” əldə etmək cinayət məsuliyyəti yaradır. 2005-ci ildə qəbul edilmiş 961-IIQ saylı Azərbaycan Respublikasının qanunu bir sıra narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarının yuxarı hədlərini açıqlayır.

Daha populyar olan narkotiklərin şəxsi istehlak miqdarının yuxarı həddi belədir (qramla): kokain – 0,02; heroin – 0,15; tiryək – 0,5; həşiş – 1; qurudulmuş marixuana (kanabis) – 5; qurudulmamış marixuana – 25. Qeyd edək ki, qanun bu vasitələrin təmiz, qatışıqsız halını nəzərdə tutur.

Əslində isə vəziyyət fərqlidir. Nəinki Azərbaycanda, bütün dünyada "son əldən” qatışıqsız narkotik almaq mümkünsüz məsələdir ("elit” müştərilərlə işləyən satıcılar istisna ola bilər). Narkotik vasitələr idxalçıdan kiçik satıcılara qədər keçdikləri hər mərhələdə daha çox qazanc əldə etmək məqsədilə qatışığa məruz qalırlar. Cinayət işi zamanı isə bu qatışıqlar nəzərə alınmır. Şübhəli şəxsdən nə qədər tutulubsa, ekspertiza da o miqdarda narkotik olması barədə rəy verir.

Müsadirə olunan vasitənin yalnız bir hissəsinin narkotik, qalanının isə qatışıq olması barədə ekpertiza rəyinə heç vaxt rast gəlməmişəm. Halbuki, təkrar edirəm, qatışıqsız narkotik tapmaq mümkünsüz işdir. Bu gün təmiz halda narkotik satılsa, xüsusən inyeksiya yolu ilə qəbul edənlərin istisnasız olaraq hamısı "peredoz”dan (narkotikin həmişə olduğundan daha çox miqdarda qəbul edilməsi) keçinərlər.

Ekspertizanın qatışığı nəzərə almaması səbəbindən şəxsi istehlak miqdarı həddini gözləmək imkansızdır.

Əslində əldə olunan vasitədə təmiz narkotik bu miqdardan aşağı olsa da, istifadəçilər cinayət məsuliyyətinə cəlb olunurlar. Üstəlik, problemi müzakirə etdiyim tanınmış bir hüquqşünasın "narkomandan birdəfəlik narkotik alınmasını tələb etmək, siqareti qutu ilə deyil, ədəd-ədəd alınması kimi bir şeydir” fikri də diqqətəlayiqdir. 
Qısası, Azərbaycanda narkotik aludəçisi olub şəxsi istehlak miqdarı ilə kifayətlənmək real olmadığından, de-fakto istənilən aludəçi potensial cinayətkardır. Başqa sözlə desək, qanunda nəzərdə tutulan istisnaya rəğmən, narkotik vasitələrdən istifadə apriori cinayət məsuliyyəti yaradır.

Məsuliyyətə cəlb olunan narkotik istifadəçilərindən qan analizi götürülür və əgər narkotik müəyyən edilərsə, məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmədən savayı CM-nin 93.1 maddəsinə əsasən "tibbi xarakterli məcburi tədbirlər”ə məhkum edilirlər. Əvvəlki məcəllədə bu 55-ci maddə olduğundan dustaqlar indi də "əlli beş” deyirlər. Məsələn, "55-im də var”. Yəni məcburi müalicəyə məhkum edilib.

Bu maddənin bir sıra məhdudiyyətləri var. Qaydalara görə, müalicə istintaq təcridxanasında deyil, cəzaçəkmə müəssisəsində başlayır və minimum 6 ay davam etməlidir (3 ilə qədər uzana bilər). Maddənin hökmü həkim rəyi əsasında xüsusi məhkəmə tərəfindən götürülür. Müalicə yekunlaşmamış (burada "müalicə” şərtidir, aşağıda bəhs edəcəyəm) məhkum amnistiyaya düşə bilməz, cəzasının 13 hissəsini çəkəndən sonra cəza rejiminin dəyişdirilməsi, 12 hissəsini çəkəndən sonra şərti azadlığa çıxmaq üçün müraciət edə bilməz.

Məsələn, əgər dustaq 1 il müddətinə azadlıqdan məhrum edilibsə və bunun 4 ayını təcridxanada olduqdan sonra cəzaçəkmə müəssisəsinə göndərilibsə, burada da ən azı məcburi müalicə üçün minimum vaxt olan 6 ayı keçirməlidir. Yəni, başqa halda cəza müddətinin yarısından sonra şərti azadlığa çıxa bilərdisə, indi 10 aydan tez çıxması mümkün deyil. Buna görə də dustaqlar hələ istintaq dövründə rüşvət verərək qanlarında narlotik maddənin çıxmadığı haqqında rəy almağa və 93.1 maddənin hökmünə düşməməyə çalışırlar.

Müalicənin yalnız cəzaçəkmə müəssisəsində başlaması da üzərində düşünüləsi haldır. Təcrübə göstərir ki, dustağın həbsindən cəzaçəkmə müəssisəsinə göndərilməsinə qədər bir neçə ay keçir. Bu dövr ərzində ən yaxşı halda ağrıkəsici əldə edən aludəçi "lomka” (abstinent sindromu - narkotik aclıq) deyilən prosesi olduqca ağrılı keçirir. Mütəxəssislərin rəyinə görə, heroin qəbul edən şəxsin aludəçilik həddindən asılı olaraq bu proses 20-40 gün davam edir. Bu zaman aludəçi nəinki özü əzab çəkir, üstəlik kamera yoldaşlarına da xeyli narahatlıq yaradır. Cəzakeçmə müəssisəsinə getdikdə isə əslində narkotik vasitələrdən fiziki asılılıq təbii yolla aradan qalxmış olur və müalicəyə ehtiyac qalmır. Zatən heç yerdə heç bir müalicə də aparılmır, dövlətin ayırdığı vəsait də haralardasa yoxa çıxır.

Buna görə də qanda narkotikin mövcud olduğunu öyrənmək elə də çətin və uzunsürən proses olmadığını nəzərə alaraq düşünürəm ki, "məcburi müalicə” haqqında hökm artıq qəti-imkan tədbiri seçilərkən çıxarılmalıdır və dərhal da icrasına başlanılmalıdır. Bunun ən optimal yolu narkotik asılılığı müəyyən edilən dustaqlar üçün ayrıca xəstəxana-təcridxananın tikilməsi olardı.

Narkomaniya olduqca ciddi sosial problemdir və fəsadlarının azaldılması kompleks yanaşma tələb edir. Lakin Azərbaycanda bu yanaşma müşahidə edilmir. Narkotik aludəçisinin xilası üçün mübarizə yalnız ailə üzvlərinin öhdəsinə düşür. Dövlətin burada iştirakı yoxdur. Halbuki dövlətin iştirakı olmadan aparılan mübarizənin faydalılıq əmsalının sıfıra yaxın olması qaçılmazdır.

Narkotik aludəçiliyindən qurtuluş həm fiziki, həm psixoloji, həm də sosial tədbirlər tələb edir. Dövlətin iştirakı olmadıqda ailə üzvləri aludəçinin yalnız fiziki müalicəsi ilə məşğul olurlar. Digər 2 tədbirlər isə vətəndaşların imkanları xaricindədir. Belə olduqda isə residiv halları az qala 100% təşkil edir.

2011-ci ildə yaradılan, bir çox ictimai və siyasi xadimin, yazıçı və hüquqşünasların daxil olduğu "Narkosiyasət üzrə qlobal komissiya” adlı ictimai komissiya öz bəyanatında "Narkotiklərlə qlobal müharibə şəxsiyyət və bütün dünya ictimaiyyəti üçün dağıdıcı nəticələrlə uduzulmuşdur”, - deyə iddia edir. Komissiya narkotik aludəçilərinə qarşı repressiyaların başqa fəsadları ilə yanaşı İİV/QİÇS yayılmasına qarşı effektli mübarizəyə də mane olduğunu bildirir.

Qlobal komissiya

- narkotik istehlakçılarının hüquqi təqibi və cəzalandırılması əvəzinə onlara tibbi-prolifilaktik və müalicə tədbirləri təklif etməyi;
- Vətəndaşların sağlamlığını və təhlükəsizliyini qorumaq, mütəşəkkil cinayətkar qrupların qüdrətini sarsıtmaq məqsədilə narkotiklərin (məsələn, kanabisin) qanuni dövriyyəsinin eksperimental modellərini həvəsləndirməyi tövsiyə edirdi.

Faktlara rəğmən güc metodlarına üstünlük verən dövlətlərə isə narkotik istehlakçılarına deyil, narkotiklərin qanunsuz dövriyyəsi ilə cəmiyyətə vurulan zərəri azaltmaq məqsədilə mütəşəkkil cinayətkar qruplara və iri narkotacirlərə qarşı mübarizə aparmaq məsləhət görülürdü.

Azərbaycanın isə narkomaniya ilə mübarizədə yeni vasitələrin sınağına hazır olması real görünmür. Böyük neft pullarının tükəndiyi bir dövrdə hökumətin narkomaniya ilə qeyri-repressiv mübarizəyə tələb olunan külli miqdarda vəsait ayıracağı inandırıcı deyil. Çox güman ki, yenə cəza metodlarına üstünlük veriləcək. Hərçənd bu metodların da ucuz başa gəldiyini söyləmək olmaz. Amma hər halda yeni infrastruktur tələb etmir.

Alternativ variantın mümkün olmadığı zaman bu metoddan tam imtinanı da düzgün hesab etmirəm. Məcburi izolyasiya narkotik aludəçilərinə cüzi də olsa sağlam həyata qayıtmaq üçün şans yaradır, bədənin zərərli maddələrdən təmizlənərək ömrün uzanmasına imkan verir. Digər tərəfdən, məlumdur ki, hər aludəçi həyatı boyu bir neçə nəfəri narkomaniyaya mübtəla edir. Həbs isə onları belə zərərli davranışdan bir müddət uzaq saxlayır. Lakin artıq aksiomadır ki, aludəçinin yalnız könüllü iştirakı onun asılılıqdan qurtulmasının ən vacib şərtidir.

Buna görə də repressiv metodların vəziyyətdən çıxış yolu və ya, ən azı, yeganə çıxış yolu olmadığı şübhəsizdir. Bu zaman isə həm daha effektli, həm də daha ucuz başa gələn metod - preventiv, önləyici tədbirlərdir.

Gənclər, xüsusən məktəblilər arasında maarifləndirmə işlərinə xüsusi önəm vermək lazımdır. Özü də bu işlər ciddi araşdırmalara, psixoloji məqamlara əsaslanaraq mütəxəssislər tərəfindən aparılmalıdır. Problemin ciddiliyi burada özfəaliyyətin, diletantlığın yolverilməzliyini diktə edir.

Eləcə də dövlətdən qrant alıb pul yemək məqsədilə "Narkotiklərə "yox” deyirik” şüarı altında konsertlər keçirməklə, mobil telefonlara "Özünüzü narkomaniyadan qoruyun” tipli sms-lər göndərməklə heç nəyə nail olmaq mümkün deyildir.

Meydan.tv