Natiq Cəfərli: "Büdcə 60 faiz neftdən asılıdır"

Natiq Cəfərli:

24-01-2020 20:34 / Bu xəbər 1653 dəfə oxundu

Ötən il Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) 70 faizini qeyri-neft sektoru təşkil edib.

Bu sözləri İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Strateji baxış Avrasiya” mövzusunda interaktiv iclasda çıxışı zamanı deyib.

Çıxış zamanı Prezident neft və qazdan asılılığın azaldılması barədə danışıb.

O bildirib ki, əsas gəlir mənbələri kimi texnologiya, innovasiya, sənayə, sahibkarlıq və kənd təsərrüfatı sahələri nəzərdən keçirilməlidir.

İlham Əliyevin sözlərinə görə, ciddi islahatlar keçirilib, yaxşı nəticələr əldə olunub: "Ötən il iqtisadiyyatımızın qeyri-nef sektoru təqribən 3 faiz və qeyri-neft sənayəmiz 4 faiz artmışdır. Belə olduğu halda neftin qiymətinin aşağı düşməsinin bizə elə də təsiri olmayacaq”.

İqtisadçı Natiq Cəfərli Toplum TV-yə deyib ki, makroiqtisadi göstəricilərə baxanda ciddi bir dəyişiklik yoxdur: "Azərbaycanda büdcənin formalaşmasında uzun illərdir neftdən asılılıq təqribən 60 faizdir.  Xarici ticarətdə 80 faiz xam neftdir, 10 faizə yaxın isə təbii qaz və neft məhsullarıdır. Bu da 90 faizə çatır. Buna görə də makroiqtisadi göstəricilərdə ciddi bir dəyişiklik olduğunu söyləyə bilmərəm. Neftdən asılılıq həddindən artıq yüksəkdir”.

İqtisadçının sözlərinə görə, neft ölkələri arasında ən çox neftdən asılı olan ölkələrdən biri Azərbaycandır: "Kənd təsərrüfatına əsasən deyə bilərik ki, qeyri-neft sektorunda müəyyən irəliləyişlər var. Amma rəqəmsal olaraq çox aşağıdır. Azərbaycan boyda dövlətin qeyri-neft sektorunda, yəni aqrar sektorda ixracatı Antalya kimi kiçik bir bölgənin ixracatından bir neçə dəfə aşağıdır. Bu, onu göstərir ki, faiz olaraq müəyyən artım olsa da, bu rəqəmlər çox aşağıdır”.

N.Cəfərli bildirib ki, neftdən gələr gəlirin tamamını  əvəzləmək üçün aqrar sektor gərək azı 20 dəfə çox məhsul istehsal etsin.

Toplum.tv