Natiq Cəfərli: Əli Əhmədov azad rəqabət prinsiplərini anlaya bilmir

Natiq Cəfərli: Əli Əhmədov azad rəqabət prinsiplərini anlaya bilmir

23-08-2019 16:31 / Bu xəbər 1076 dəfə oxundu

Vahid Məhərrəmov: Bazara baxış keçirməklə iş görüntüsü yaratmaq istəyirlər

Baş Nazirin müavini Əli Əhmədovun avqustun 22-də bazarda kartof satıcısından qiyməti soruşandan sonra "yayın ortasında iki manata kartof olmaz” replikası media və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Əli Əhmədov həmin gün Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl bazar” və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib, bir sıra məhsulların qiyməti ilə maraqlanıblar.

Ümumi yanaşdıqda bu yay yalnız kartof deyil, bir çox meyvə-tərəvəz məhsullarının da qiymətlərində artım müşahidə olunub.

Vahid Məhərrəmov
Mənbə: Meydan TV

Aqrar sektor üzrə mütəxəsis Vahid Məhərrəmov Əli Əhmədovun son bir həftədə ikinci açıqlaması olduğunu xatırladaraq bildirib ki, Baş nazirin müavini bir neçə gün əvvəl ictimaiyyətə siyasi çağırışı da var idi.

"Əli Əhmədov YAP-çılar başqa olmaqla insanları xaricə gedənlərə qarşı mübarizəyə səsləyib. İndi də onun bazarda nazir Kərimovla birgə baxış keçirməsi iş görüntüsü yaratmaq məqsədi daşıyır. Güman ki, onlar da payızda çox ciddi etirazlar ola biləcəyini düşünürlər. Çünki ərzaq mallarının qiymətləri artır, insanların alıcılıq qabiliyyəti aşağı düşür. Adi bir misal, son 3-4 ildə əhalinin kərə yağı istehlakı 28 faiz azalıb, əvəzində marqarin yağı istehlakı artıb. Bu, əhalinin yüksək kolorili məhsulu ala bilmədiyini və insanların maddi durumunun tədricən pisləşdiriyi göstərir. Əli Əhmədov da daxil məmur korpusu bunu hiss etdiyindən iş görüntüsü yaradırlar”.

Ekspert bazarda xaos hökm sürdüyünü söyləyərək bildirdi ki, səbəb inhisarçılıqdır. O qeyd edib ki, hamı topdansatış bazarının məmurlara bağlı olduğunu bilir, qiyməti də onlar diktə edir.

"Əvvəllər də hökumət bazarda qiymət artımı gərginliyi yaranan zaman qiyməti aşağı endirmək cəhdində bulunub, hazırda sosial gərginlik özünü büruzə verir. Məsələn, yumurtanın qiymətinin artımı ilə müşavirə keçirildi, bir müddət qiymət ensə də, sonradan əvvəlki vəziyyətinə qayıtdı. Məsələ ondadır ki, ölkədə istehsal azalırsa, kartofun qiyməti 2, yaxud 5 manat da ola bilər. Qeyri-peşəkarlar anlamır ki, kartofun qiymətinin yüksək olmasnın səbəbini bazarda axtarmaq lazım deyil. Bazar istehsalın və monopoliyanın güzgüsüdür”.

Onun fikrincə, istehsalla bağlı mövcud problemlər həll olunmalıdır ki, kəndli, fermer məhsuldarlığı artırsın, məhsulun maya dəyərini aşağı salsın, keyfiyyətini yaxşılaşdırsın və bazara çıxarıb optimal qiymətə sata bilsin.

"Ona görə də Baş nazir və nazir bazara çıxmamalıdır. Kəndliyə, fermerə dəstək verməli, inhisarçılığın və korrupsiyanın qarşısını almaq haqda düşünməlidirlər. Uzun zamandır "süni qiymət artımı” ifadəsini qeyri-peşəkar məmurlar tez-tez işlədir. Baxmayaraq ki, süni qiymət artımının nə demək olduğunu özləri də anlamır.

Təəccüblüsü odur ki, bazar formalaşdırdığı qiymətin süni olub olmadığını bunlar necə müəyyən edirlər? Bəlkə bunlarda "dünyada analoqu olmayan” qiymət ölçən, malın, məhsulun qimətinin süni və yaxud təbii olduğunu dəqiq müəyyən edən hansısa bir cihaz var? Bəlkə bunlar optimal qiymətlə süni qiymət arasındakı həddi də müəyyən edə bilirlər. Belə "bacarıq” varsa, bu başqa məsələ. Ancaq tam əminliklə deyə bilərəm ki, bunların bazar iqtisadiyyatından anlayışı olsa, heç vaxt süni qiymət artımını dillərinə gətirməzlər”.

Natiq Cəfərli
Mənbə: Meydan Tv

"REAL” Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli bununla bağlı "Facebook” sosial şəbəkəsində yazıb ki, Əli Əhmədov sovet dövründə böyüdüyündən azad və rəqabətli iqtisadiyyatı anlaya, qiymətin formalaşmasında iqtisadi qanunların rolunu anlaya bilmir.

"Baş nazirin müavini, "kartofu niyə baha satırsız”, deyə bilməz. Sual, "kartof niyə bahadır”, olmalıdır, yəni, qiymət nəticədir, səbəb deyil. Ağıllı hökumət nəticədən danışmır, səbəbləri aradan qaldırmaq üçün təşviq proqramları hazırlayır. Səbəblər isə çoxdur: Zay və məntiqsiz idarəetmədən tutmuş, ölkədə əkinəyararlı torpaqların azlığına, suvarma problemlərinə qədər. Bunun üzərunə gömrük rəzalətini də gəlin. Bu problemlər haqqında düşünün, satıcıdan əl çəkin, gedin işləyin”.

Meydan.Tv