Natiq Cəfərli: “Gömrük korrupsiyanın ən çox olduğu sahədir”

Natiq Cəfərli: “Gömrük korrupsiyanın ən çox olduğu sahədir”

07-11-2018 02:07 / Bu xəbər 1815 dəfə oxundu

Noyabrın 5-də Deputat Vahid Əhmədov Milli Məclisin komitələrinin birgə iclasında Gömrük Komitəsində son 27 ildə 27 milyard dollar vəsaitin mənimsənildiyini bildirib. 

Deputat əlavə edib ki, bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın vəsait dövlət büdcəsinə daxil olub: "Biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub? Bu vəsait Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması nəticəsində daxil olub. Komitə əvvəldən bu cür işləsəydi, müstəqillikdən sonra təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir”.

İqtisadçı Natiq Cəfərli isə Gömrük Komitəsində ölkə büdcəsindən pul mənimsənildiyini təsdiqləsə də, Vahid Əhmədovun fikri ilə tam razı deyil: "Əslində, Azərbaycanın gömrük sistemi həmişə rüşvətin və korrupsiyanın ən yüksək səviyyədə olduğu sahələrdən biri olub. İlk öncə Vahid Əhmədova bu məsələni gündəmə gətirdiyi üçün təşəkkür düşür. Amma mənim deputata iradım hesablama qaydası ilə bağlıdır. Çünki Azərbaycana böyük neft pulları gəldikdən sonra büdcənin, xarici ticarət dövriyyəsinin artımı, xaricə satılan və xaricdən gətirilən məhsulların həcminin və dəyərinin artımı prosesi təqribən son 15 ildə baş verdi. Ondan öncə büdcəmiz, həm də xarici ticarətimiz çox kiçik rəqəmlərlə ölçülürdü.
 
Azərbaycanın büdcəsinin 1 milyard dollar həddinə çatması 2002-ci ildə baş verdi. O vaxta qədər istələr belə, bu qədər böyük həcmdə gömrükdə korrupsiya yolu ilə pulların mənimsənilməsi mümkün deyildi. Ölkədə iqtisadi aktivliyin, neft gəlirlərinin artması həm büdcə xərclərini, həm ticarət dövriyyəsini artırdı. Ticarət dövriyyəsinin artırılması ölkəyə gətirilən məhsulların həcminin artmasına səbəb oldu. Bu gün rəsmi rəqəmlərə görə, təqribən, 1 ildə ölkəyə 10 milyard dollar dəyərində məhsul daxil olur. Biz son 15 ili, yəni neft pullarının ölkəyə daxil olmasını götürsək, bu, artan qrafik üzrə gedir.
 
2002-ci ildən başlayaraq hər il ölkəyə gətirilən məhsulların həcmi artıb. Bu prosesin pik nöqtəsi isə 2008-2011-ci illərdə olub. Belə ki, bu illərdə ölkəyə 10 milyard dollardan artıq dəyərə malik mal gətirilmişdi. Həmin dövrdə gömrükdə böyük həcmdə korrupsiya hallarının olması mümkündür. Bu dönəmdə ölkəyə gətirilən malların 20-30 faizinin dəyəri gizlədilsəydi, o zaman 1 milyard dollara yaxın vəsaitdən söhbət gedə bilərdi”.

N.Cəfərli əlavə edib ki, son 15 ildə büdcədən gizlədilən vəsaitin həcmi milyardlarla ölçülə bilər, amma bunun Vahid Əhmədovun təklif etdiyi sxemlə, yəni 27 ildə hər il üçün 1 milyard hesablamaqla ölçmək doğru deyil:

"Korrupsiya ölkəyə və dövlət büdcəsinə ciddi ziyan vurub. Çünki gömrükdən kənar ölkəyə gətirilən və büdcəyə ödəmələri olmayan vəsait kimlərinsə cibinə gedib. Bu vəsaitlə isə müəllimlərin, həkimlərin maaşının artmasına, sosial layihələrə, təhsilə, səhiyyəyə xərclənə bilərdi. Bu nöqteyi-nəzərdə korrupsiya ölkə büdcəsinə çox ciddi ziyan vurub. Hesablama qaydası isə hörmətli deputatın təklif etdiyi formada olmamalıdır”.

2019-cu ilin büdcə zərfi ilə bağlı layihədə dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlır. Bu, 2018-ci ilin büdcəsinə nisbətən gələn ilin büdcəsinin təxminən 3 milyard manat artırıqdır.
 
Toplum.Tv