Natiq Cəfərli: Hökumət AZAL şirkətinin monopolist qalmasını arzulayır

Natiq Cəfərli: Hökumət AZAL şirkətinin monopolist qalmasını arzulayır

14-12-2018 13:55 / Bu xəbər 1007 dəfə oxundu

Kəstutis Yankauskas: Nəzəri cəhətdən danışıqların dayandırılması mümkündür

Rəsmi Bakı bazarı qapalı saxlamağa çalışır və aviasiya sahəsində rəqabətli mühitdən çəkinir.

Bunu Meydan TV-ə iqtisadçı Natiq Cəfərli Avropa İttifaqı ilə Azərbaycan arasında uzun müddət davam edən və hələlik nəticəsiz qalan aviasiya müqaviləsi üzrə danışıqları şərh edərkən, deyib.

Dekabrın 13-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas danışıqların nəticəsizliyi barədə danışarkən, bildirib ki, nəzəri cəhətdən Avropa İttifaqı Azərbaycanla aviasiya müqaviləsi üzrə danışıqlarda nəticələrin olmaması səbəbindən bu prosesi dayandıra bilər, amma indi biz hadisələrin bu cür inkişafı barədə düşünmək istəmirik.

Səfir qeyd edib ki, fevral ayında Bakıda nəqliyyat məsələləri üzrə Aİ-Azərbaycan görüşü keçiriləcək və burada müzakirə üçün əsas mövzulardan biri aviasiya müqaviləsi olacaq.

"Azərbaycan nəqliyyat mərkəzinə çevrilmək istəyir. Onun çərçivəsində qatarların, yüklərin keçməsini, tranzit yüklərin gömrük prosedurlarını sadələşdirmək planlaşdırılır. Ancaq aviasiya bu nəqliyyat mərkəzinin açarıdır və tərəflər bu mövzunu müzakirə edəcəklər”, - deyə o bildirib.

Kəstutis Yankauskas

Onun sözlərinə görə, aviasiya sahəsində əməkdaşlığın inkişafı Azərbaycan iqtisadiyyatının inkişafına kömək edəcək.

"Biz Azərbaycan tərəfinin nəzərinə çatdırmaq istəyirik ki, Aİ ilə aviasiya sazişi Azərbaycana uçan aviaşirkətlərin sayının artmasına kömək edəcək. Nəticədə aviabiletlərin qiyməti daha əlverişli olacaq və bu da Azərbaycana gələn turist sayının və müvafiq olaraq ölkənin gəlirlərinin artmasına kömək edəcək. Aviasiya müqaviləsi olsa, Azərbaycan indikindən daha çox qazanacaq”, - deyə K.Yankauskas bildirib.

Səfir xatırladıb ki, aviasiya müqaviləsi üzrə danışıqlar ilk dəfə 2013-cü ildə başlanılıb. Böyük fasilədən sonra 2017-ci ildə bərpa olunub.

"Ümid edirik ki, fevral danışıqlarından sonra bu istiqamətdə irəliləyiş olacaq”, - deyə səfir qeyd edib.

Natiq Cəfərli öz növbəsində düşünür ki, Azərbaycan tərəfi ölkə ərazisinə beynəlxalq standartlara uyğun oyun qaydaları ilə fəaliyyət göstərən özəl aviasiya şirkətlərinin buraxılmasına maneçilik törədir.

"Hökumət AZAL şirkətinin monopolist qalmasını arzulayır. Hökumət anlayır ki, saziş imzalansa, bazar liberallaşsa, aviasiya şirkətlərinin rahat şəkildə Azərbaycan bazarına daxil olması AZAL-ın monopolis mövqeyinə ciddi zərbə olar. Bu isə AZAL-ın gəlirlərinin azalmasına, şirkət kimi ayaqda qalmasını çətinləşdirər”.

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı ilə aviasiya sazişi imzalamayan yeganə ölkədir. Bundan əvvəl Gürcüstan və Ermənistan bu müqaviləni bağlayıb və səmalarını Aİ ölkələrinin aviasiya şirkətləri üçün açıq elan ediblər.

Natiq Cəfərli

N.Cəfərli Gürcüstanın sazişi imzalayandan sonra qazandığı üstünlükləri xatırladıb: "Gürcüstan sazişi imzalayandan sonra 12 özəl şirkət bazara rahat daxil olub. Nəticədə Azərbaycan vətəndaşları da Gürcüstandan xaricə uçmağa üstünlük verirlər və rəsmi rəqəmlərdən görünür ki, sərnişindaşımanın ümumi həcmində az qala beşdə birini Azərbaycan vətəndaşları təşkil edir. Çünki rəqabətli mühit nəticəsində qiymətlər ucuzdur. Gürcüstan misalı onu sübut edir ki, Azərbaycan da bu sazişi imzalasa, rəqabətli mühit yaratsa, eyni mənzərə ola bilər”.

Aİ-nin təklif etdiyi aviasiya müqaviləsinə əsasən, açıq səma siyasəti elan edilir, Aİ ölkələrinin istənilən aviasiya şirkəti ölkəyə uçuşlar təşkil edə bilər. Bundan başqa müqaviləyə əsasən, milli aviadaşıyıca hökymət tərəfindən subsidiya verilə bilməz. Əsas şərtlərdən biri də aeroportla milli aviadaşıyıcının bir əldə olmamasıdır.

Azərbaycan yeganə Avropa ölkəsidir ki, aeroport və milli aviadaşıyıcı bir kompaniyaya məxsusdur və ona eyni adam rəhbərlik edir.