Natiq Cəfərli: "Qadağalar ölkənin əleyhinə işləyir"

Natiq Cəfərli:

25-05-2019 10:28 / Bu xəbər 717 dəfə oxundu

Avropa Futbol Assosiasiyasının (UEFA) final oyunu mayın 29-da Bakıda keçiriləcək. 

Oyundan bir gün əvvəl yəni 28 Mayda isə Azərbaycan Xaq Cumhuriyyətinin (AXC) 101 yaşı tamam olur. 

AXC şərqdə qurulmuş ilk demokratik və parlamentli respublikadır.

Şərqdə ilk dəfə qadına seçmək və seçilmək hüququnu da məhz AXC verib. 

Ölkədəki fəallar AXC-ni dünyaya tanıtmaq üçün bu finalın fürsət olduğunu bildirib.

Final oyununa dünyada təqribən 1 milyard insanın baxması gözlənilir.

Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli deyib ki, hökumətin köhnə fikirli yanaşması bu finala kölgə salır: "Final oyununun 28 May ərəfəsində olması məmləkətə, hökumətə əlavə şans yaradıb. Şərqdə ilk Cümhuriyyətin qurulmasını dünyaya bir daha bəyan edib, bayramı-bayrama qata bilərdi. Amma bacarmadılar, xalqın 28 May sevdasından çəkindilər. Cümhuriyyət Günü kimi "yoxdan var olma" tariximizə, Azərbaycan kəlməsinin coğrafi termindən siyasi anlayışa keçməsi kimi çox vacib günə kölgə salmağa başladılar. UEFA finalına görə, Cümhuriyyət Gününün qeyd edilməsinə məhdudiyyətlər, qadağalar qoymaq bizi bir millət kimi gözdən salır, ölkənin əlehinə işləyir”.

Natiq Cəfərli qeyd edib ki, mənasız və məzmunsuz bahalı Avropa, İslam oyunlarından, Formula-1 yarışlarındansa bu final daha əhəmiyyətli və daha qazanclı layihədir. 

Real Partiyası 28 mayda İstiqlaliyyət küçəsindəki abidəni ziyarət etməyi planlaşdırıblar. Lakin partiya sədri İlqar Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə çağırıldıqdan sonra yürüş 26 may tarixinə çəkildi. 

Daha sonra isə yürüşün Novxanıda keçirilməsi tələbi qoyulub.

Gənclər və İdman Naziri Azad Rəhimov Bakının Avrupa Liqasının final matçına hazır olduğunu deyib: "Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır”.

Olimpiya stadionunda keçiriləcək finalda İngiltərənin Arsenal və Çelsi kubları qarşılaşacaq.

Toplum.tv