Nazir baş redaktoru qəbul etdi

Nazir baş redaktoru qəbul etdi

13-01-2020 17:02 / Bu xəbər 790 dəfə oxundu

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədovu qəbul edib. 

Bu barədə Arqument.az-a Anar Məmmədovun özü məlumat verib.

Jurnalist bildirib ki, nazir son günlər sosial şəbəkələrdə guya naməlum şəxslər tərəfindən "vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa "oliqarx” tərəfindən təşkil edilməsi barədə yayılmış məlumatlarla bağlı dinləyib. 

"Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda bu qəbildən olan olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. Bildirdim ki, son zamanlar mütəmadi olaraq əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram. Barəmdə bu qəbildən olan məlumatların əsassız iddia müəllifləri tərəfindən yayıla biləcəyini də istisna etmirəm. Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu Vilayət Eyvazovun diqqətinə çatdırdım. Məni diqqətlə dinlədi. Bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb, - baş redaktor bildirib. 

Onun sözlərinə görə, nazir müraciəti ilə bağlı zəruri araşdırma aparılacağını deyib: "Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyətə texniki təchizata malikdir. Bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir. Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin".

A.Məmmədov əlavə edib ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.