"Nazir onu yanına çağırıb, başına qapaz vuracaq" - "Respubika" qəzetinin baş redaktorundan açıqlama

27-10-2016 13:13 / Bu xəbər 2876 dəfə oxundu

Rəsmi dövlət qəzeti "Respublika”nın bugünkü sayında müəllifi Təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən məqalə dərc olunub.

Məqalə  ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, sözügedən qəzetin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının əslində nazirə heç bir dəxli yoxdur: "Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.

Məsələ ilə bağlı "Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovla əlaqə saxladıq. Qəzetin baş redaktoru Teymur Əhmədov Qaynarinfo.Az-a açıqlamasında bildirdi, gərək mətbuat xidməti bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı:

"Mətbuatda deyilənlər uydurma bir şeydir. Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir özünü nazirliyin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq".

 

Arqument.Az