Nazirlər Kabineti səlahiyyətlərini itirir

Nazirlər Kabineti səlahiyyətlərini itirir

06-04-2018 16:29 / Bu xəbər 2684 dəfə oxundu

Natiq Cəfərli: ''Prezident respublikasında Nazirlər Kabinetinə ehtiyac qalmır''

Bundan sonra dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərini tənzimləyərkən Nazirlər Kabineti ilə deyil, ölkə başçısı ilə razılaşdırılıb qərar veriləcək.

"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda edilən dəyişiklikdə belə göstərilir.

Hazırkı qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdi. 
Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi.

Nazirlər Kabinetinin bu səlahiyyəti də ləğv olunub. Başqa sözlə, artıq Nazirlər Kabineti deyil, Azərbaycan prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
Nazirlər Kabineti "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

Qərarı Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Nazirlər Kabinetinin büdcə xərcləmələri və daxilolmaları ilə bağlı müəyyən dəyişıiklik etmək ixtiyarı var idi. Əslində, bu, formal xarakter daşıyırdı:

"Bu qaydalar qüvvədə olan müddətdə də Nazirlər Kabineti prezidentin xəbəri olmadan hər hansı addım atmazdı, belə örnəklər çox azdır. Amma görünən odur ki, bütün layihələrə nəzarətin bir əldə cəmləşməsi prosesi davam edir və əvvəlki qərarlar da buna xidmət edirdi. Beləliklə, prezidentin razılığı, yaxud icazəsi olmadan Nazirlər Kabineti bu tipli qərarların qəbulundan kənarlaşdırılır”.

Natiq Cəfərlinin qənaətincə, bu, iqtisadi yox, daha çox siyasi məsələdir:

"Sual yaranır ki, buna nə ehtiyac vardı? Nazirlər Kabineti zatən amorf bir qurumdur, prezidentin nəzarətində olduğundan onsuz heç bir addım atmır. Görünür, gələcəkdə hökumətin səlahiyyətlərinin tamamilə ləğv olunması, yaxud minimuma endirilməsi davam edəcək. Əslində, normalda belə olmalıdır. Prezident respublikasında Nazirlər Kabinetinə ehtiyac qalmır. Referendumla da vitse-prezidentlər institutunun yaradılması üçün prezidentə səlahiyyət verildi. Güman ki, 11 aprel növbədənkənar seçkidən sonra bir neçə vitse-prezidentin təyin olunması ilə Nazirlər Kabinetinin formal quruma çevrilməsinə start veriləcək. Ancaq tamamilə ləğv edilməsi mümkün deyil, bunun üçün konstitusiya dəyişiklikləri lazımdır. Hələ yeni referendumun keçirilməsi ehtimalı belə yoxdur. Ona görə kabinetin səlahiyyətinin tamamilə minimuma endirilməsi və gələcəkdə vitse-prezidentlər institutu vasitəsilə icra hakimiyyətinin formalaşması davam edəcək. Bu proses bir şəxsdən asılı icra strukturunun yaranmasını özündə ehtiva edir. Yəni prezidentin icazəsi olmadan hər hansı addımın atılmasının qarşısı alınır və çox sərt prezident üsul-idarəsinin möhkəmlənməsinə xidmət edir”.

İqtisadçı düşünür ki, əgər Azərbaycan prezident respublikasıdırsa, bu addımın məntiqi var:

"Təbii ki, bir şəxsin gücünün artmasına xidmət edir, amma avtokratiya deməzdim. Əvvəl də beləydi, indi artıq qanuniləşdirirlər. Ancaq biz ReAL olaraq gələcəkdə Azərbaycanda parlament respublikasının qurulmasında maraqlıyıq. İndiki vəziyyətdə Nazirlər Kabineti kimi amorf bir qurumun qalmasına ehtiyac da yoxdur. Bəlkə gələcəkdə, parlament seçkilərində Konstitusiyaya yeni dəyişikliklər etməklə kabinetin funksiyasının və strukturunun yenilənməsinə qərar verilə bilər”.