Nazirlər Mançesterdəki terroru pislədilər

Nazirlər Mançesterdəki terroru pislədilər

23-05-2017 15:03 / Bu xəbər 1035 dəfə oxundu

Bu gün, mayın 23-ü Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Gürcüstan müdafiə naziri Levan Izoria Mançester şəhərində törədilmiş terror zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı verib. Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.

Türkiyə müdafiə naziri Fikri Işık da ölkəsinin terrorla mübarizə apardığını diqqətə çatdırıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov da Mançesterdə baş vermiş terroru pisləyib:

«Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə təhdiddir və bütün dövlətlər terrorla birgə mübarizə aparmalıdır».

Mayın 22-si gecə saatlarında İngiltərənin Mançester şəhərində konsert zamanı partlayış baş verib. 22 nəfər ölüb, 50-ə qədər insan yaralanıb.

Batumidə keçirilən üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə edilir. Habelə, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi məsələləri nəzərdən keçirilir.

Belə üçtərəfli formatda əməkdaşlıq 2014-ci ildə başlayıb. Üç ölkənin müdafiə nazirləri ildə iki dəfə görüşürlər.