Nazirlik Hesablama Palatasının hesabatını niyə "gizlədir?"

Nazirlik Hesablama Palatasının hesabatını niyə

20-02-2018 17:49 / Bu xəbər 2468 dəfə oxundu

DSMF-nin Mingəçevir şöbəsinin fəaliyyətində nöqsanlar aşkar edib

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında yoxlamalar aparır. 
 
Qurum bu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində apardığı auditin nəticələrini açıqlayıb.

Hesablama Palatasının rəsmi açqlamasında deyilir: "Yoxlama zamanı məlum olub ki, Mingəçevir DSMF-u 2016-cı ildə təsdiq edilmiş 8015,5 min manat həcmində proqnoza qarşı 6663,9 min manat vəsait yığmış, proqnoz 83,1% səviyyəsində icra edilmişdir. 

Audit olunan dövrdə yeni pensiya təyinatlarının 102 ədədi (6,2%-i) üzrə sığorta stajı məhkəmə tərəfindən müəyyən olunmuş, 138 pensiya işi üzrə (8,4%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunmuş, 8 pensiya işi üzrə pensiya hüququna Apellyasiya məhkəməsi tərəfindən baxılmışdır. 
 
Hesablama Palatası Mingəçevir DSMF-də apardığı araşdırmalar zamanı burada vətəndaşlara qarşı edilən çoxsaylı maxinasiyalar da aşkar edilmişdir. Palatanın yoxlaması zamanı məlum olub ki, 2016-cı ilin oktyabr ayınadək ərizələrin qeydiyyatı jurnalında pensiya təyinatı üçün müraciət edən şəxslərin müraciət etdiyi gündə deyil, pensiya təyin edən komissiyanın qərarının qəbul olunduğu tarixdə qeydiyyatdan keçirilmiş, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, güzəştli iş stajına görə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılmışdır".

Qlobal.az Palataya istinadən yazır ki, Hesablama Palatasının Mingəçevir DSMF-də aşkarladığı növbəti qanunsuzluq isə daha dəhşətlidir. Belə ki, 2013-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin olunan Səlim Müslümovun daim öyündüyü Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) da DSSMF-nin Mingəçevir Şöbəsinin "qurbanına" çevrilib. 


"Palatanın araşdırması zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) tərəfindən heç bir əməkdaşa müayinə barədə tapşırıq göndərilməmiş, Şöbədə heç bir işçinin gücləndirilmiş elektron imzası aktiv olmamış, bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılmışdır", - deyə açıqlamada bildirilir. 

Palatadan bildirilir ki, Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası 01.01.2016-01.07.2017-ci il dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri ilə bağlı Hesabatı müzakirə edərək təsdiq edib:

"Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilmiş, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara da rast gəlinmişdir". 

Saytın yazdığına görə, Mingəçevir DSMF-da aşkarlanan korrupsiya faktı dövlətin bəzi rəsmi qurumları ilə bərabər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də göndərilib: "Ancaq buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-nin Mingəçevir şöbəsinin müdiri Emil İsmayılovu yol verdiyi qaunsuzluğa görə cəzalandırmaq fikrində deyil. Baxmayaraq ki, bu hesabatın nazirliyə göndərilməsinin üstündən az qala iki aya yaxın vaxt keçib". 
 
Qlobal.az-a Mingəçevir sakinləri tərəfindən verilən məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Emil İsmayılovu cəzalandıra bilməməsinə səbəb onun nazirliyin bəzi yüksək vəzifəli şəxsləri ilə yaxın dostluq münasibətində olmasıdır. 

Emil İsmayılov isə Hesablama Palatasının yaydığı rəsmi hesabata və saytın yazdığına münasibət bildirməyib. 

Nazirlikdən isə Arqument.Az-a bildirilib ki, istənilən şikayət və pozuntu faktı araşdırılır, hüquqi qiymətini alır.