Nazirlik prokurorluğa müraciət edib

Nazirlik prokurorluğa müraciət edib

21-07-2017 15:36 / Bu xəbər 1254 dəfə oxundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda yaşıllığın məhv edilməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Bu barədə nazirlik bu gün, iyulun 21-də  məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev, 22 ünvanında yaşayan bir qrup sakindən şikayət gəlib. 

Şikayətdə ərazidə ağacların kəsilərək yerində tikinti işlərinin aparıldığı vurğulanıb. Nazirliyin əməkdaşları şikayətçilərin iştirakı ilə yerində araşdırma aparıblar.

"Məlum olub ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0.2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə "MİD-17" MTK-ya ayrılıb. Sözügedən şirkət yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlayıb.

Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib".

Nazirlik olaya hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.