Nazirliyin "Asan İmza" məcburiyyəti - "Pin kod"lar niyə ləğv olundu?

Nazirliyin

27-04-2017 14:20 / Bu xəbər 2235 dəfə oxundu

"Asan İmza” Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətdir. Hüquq və fiziki şəxslər "Asan İmza”ya sahib olmaq üçün Vergilər Nazirliyinin xidmət idarələrində qeydiyyatdan keçməlidirlər. 

Bu xidməti Vergilər Nazirliyi təqdim edib və hazırda "Asan İmza” ilə bərabər ənənəvi "pin kod" xidməti də aktivdir. Amma buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) vergi ödəyicilərinə - sığortaedən fiziki və hüquqi şəxslərə 2008-ci ilin 1 yanvarından etibarən təqdim etdiyi "istifadəci kodu, şifrə. parol " üzrə sadə elektron xidmətini bağlayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə uzun illər elektron xidmətə qarşı müqavimət göstərib. Sahibkarları hesabatlarını kağız daşıyıcıda təqdim etməyə məcbur edib. Fond yalnız bir neçə il öncə "şifrə-parol" tətbiqi ilə elektron xidmətə keçmişdi.
 
Amma Fond bu il, yəni 2017-ci ilin ilk rübündə hesabat dövrü başladıqdan sonra öncədən heç bir məlumatlandırma işi aparmadan, bütün sahibkaraları hesabatları yalnız "Asan İmza” verməyə məcbur edib. Hansı ki "Asan İmza” Dövlət Sosial Müdafiə Fondunun deyil, Vergilər Nazirliyinin qeydiyyata aldığı elektron xidmət növüdür.

Maraqlıdır,  DSMF sahibkarlarla bağladığı "pin kod" müqaviləsini hansı qanuna əsasən birtərəfli ləğv edib? Nəyə görə minlərlə sahibkarı Dövlət Sosial Müdafiə Fonduna aid olmayan elektron xidmətdən istifadəyə məcbur edir?

"Sahibkarların bu ödənişə məcbur edilməsi qaranlıq maraqlardan xəbər verir”

Hüquqşünas Elman Fəttah sahibkarların bu ödənişə məcbur edilməsində qaranlıq maraqlar olduğunu deyir: ”2004-cü ildən "Elektron hökumət haqqında” qanun qəbul olunub və elektron hökumət idarəetməsinə keçid mərhələləri şəkildə baş verib. İlk dəfə 2008-ci ildə Vergilər Nazirliyi məhz hesabatların və bəyannamələrin elektron formada qəbul edilməsi standartlarını tətbiq edib. İstifadəçi kodu, şifrə və parol, qısa desək, "pin kod” vasitəsilə Vergilər Nazirliyinin elektron xidmətlər bölməsində "etaxes.gov.az” saytı vasitəsilə bu hesabatların və bəyannamələrin hüquqi və fiziki şəxslərə elektron formada göndərilməsi xidməti tanınıb. Daha sonra oraya kargüzarlıq bölməsi əlavə olunub. Bir sözlə, elektron hökumət xidməti sahəsində Vergilər Nazirliyi xeyli irəliləyişlər əldə etmişdi. Sosial Müdafiə Nazirliyi uzun müddət elektron xidmətə keçiddə müqavimət göstərmişdi. Əvvəllər Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan rüblük,illik hesabatlar, o cümlədən, sığorta olunan şəxslərlə bağlı ərizə-müraciətlərin hər birini kağızdaşıyıcılarla təqdim etmək məcburiyyəti vardı. Xeyli sonra DSMF elektron xidmətə keçid etdi. Açıq şəkildə deməliyəm ki, bu, Vergilər Nazirliyinin qurduğu elektron sistemlə müqayisədə çox bəsit və keyfiyyətsiz xidmət nümunəsi idi. Həmin hesabatları göndərə bilmək üçün əlavə bir neçə proqramda işləmək zərurəti var idi. DSMF-nin özünə aid olan "pin kod”dan istifadə etməklə fondun saytında elektron xidmətlər bölməsində hesabatların təqdim edilməsi düyməsi vasitəsilə sahibkarlar, hüquqi və fiziki şəxslər vahid qaydada öz hesabatlarını və bəyanatlarını fonda göndərə bilirdilər. Lakin hesabat dövründə fond sahibkarlara heç bir məlumat, xəbərdarlıq təqdim etmədən "pin kod”ları birtərəfli qaydada ləğv etdi. Bununla da bütün şəxsləri "Asan İmza”, elektron hökumət portalının vasitəsilə hesabatların təqdim edilməsinə məcbur etdi. Bu, çox böyük bir ajotaj yaratdı”. 
Elman Fəttah deyir ki, DSMF-nin bu addımı iki səbəbdən qanunsuzdur:  "İlkin olaraq, Dövlət Sosial Müdafiə Fondu hüquqi və fiziki şəxslərlə elektron xidmət haqqında müqavilə imzalayıb. Müqavilədə birtərəfli qaydada anidən dayandırılması səlahiyyəti fonda verilməyib. Digər məsələ isə "Asan İmza” vasitəsilə və ya ənənəvi qaydada xidmətin göstərilməsini istisna etməməli idi. "Asan İmza”, o cümlədən elektron imza əslində Vergilər Nazirliyinin təqdim etdiyi xidmətdir. Onsuz da bu gün DSMF-na müvafiq hesabatları vermək üçün sahibkar əldə edəcəyi "Asan İmza”nı Vergilər Nazirliyində qeydiyyatdan keçirmək məcburiyyətindədir. Yalnız bundan sonra fonda hesabatları təqdim edə bilir. Buna baxmayaraq, Vergilər Nazirliyi "pin kod”, və"Asan İmza” xidmətləinin paralel istifadəsindən heç vaxt imtina etməyib.Amma DSMF-nin sahibkarları özünə məxsus olmayan xidmətə məcbur etməsi qanunsuzdur. İdarəetmə baxımından bunun heç bir əsaslandırılması yoxdur. "Pin kod”la hesabatların təqdim edilməsi onsuz da heç nəyə mane olmurdu. "Asan İmza”nın  əldə olunması isə xeyli xərc tələb edən məsələdir. Belə ki, həm birdəfəlik ödəniş olaraq nömrənin alınması ilə Vergilər Nazirliyində onun "Asan İmza” kimi qeydiyyatdan keçməsi üzrə şəhadətnamənin əldə edilməsi, yəni xidmətə qoşulma haqqı 18 manat, aylıq abunə haqqı 1 manat, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 AZN təşkil edir.  Yəni nömrəyə hər ay 1 manat ödəniş tələb olunur. Halbuki "pin kod” və digər vasitələrlə elektron xidmət göstərilərkən ödəniş tələb olunmur. 100 minlərlə sahibkar 18 manat dəyərində "Asan İmza” xərcləri ilə yanaşı, aylıq 1 manat da nömrənin aktivliyi üçün ödəməlidir. Əslində, Dövlət Sosial Müdafiə Fondu bizə məlum olmayan səbəbdən "Azercell”, "Bakcell” və "Nar mobile” kimi operatorlarla ortaqlıq yaratmış olur. Sahibkarların bu ödənişə məcbur edilməsi qaranlıq maraqlardan xəbər verir”.

"Heç bir problem yoxdur"
Elman Babayev ile ilgili görsel sonucu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Elman Babayev isə sahibkarların hesabatları təqdim etməsində heç bir problem olmadığını deyir: "Asan İmza ilə hesabatların verilməsində heç bir problem yaşanmır. Kimin elektron imzası varsa, onun "Asan İmza”ya ehtiyacı yoxdur”.

""Asan İmza”nın ləğv edilməsinə ehtiyac var"

İqtisadçı Samir Əliyev kodlaşma sistemini bir qədər təkmilləşdirməklə "Asan İmza”dan imtina etməyi yaranmış problemin həlli kimi görüb:
 Samir Əliyev arqument.az ile ilgili görsel sonucu
""Asan İmza”dan istifadə əslində təhlükəsizliyi təmin edir. Amma nəzərə alsaq ki, Vergilər Nazirliyində hesabatları "Asan İmza” olmadan verə bilirik, nazirliyin dövriyyəsi, məlumatları Sosial Müdafiə Fondundan daha zəngindir, deməli, Vergilər Nazirliyi bu problemin qayğısına qalmalıdır. Göründüyü kimi, DSMF prosesi saxlayıb, məhz hesabat dövründə bu məsələni ortaya atması problemlər yaradır. Ümumiyyətlə, DSMF-də onlayn hesabatlar zamanı həmişə problemlər yaşanırdı. Halbuki Vergilər Nazirliyində bu proses daha rahat həyata keçirilirdi. Dünya təcrübəsində insanlar elektron hökumətlə bağlı işlərini onlara ayrılmış kodlarla həyata keçirirlər. Düşünürəm ki, "Asan İmza”nın ləğv edilməsinə ehtiyac var. Sadəcə, kodlaşma sistemini bir qədər təkmilləşdirməklə "Asan İmza”dan imtina etmək olar. Böyük şirkətlər üçün "Asan İmza”nı saxlamaq olar. Hesab edirəm ki, kiçik və orta sahibkarlar üçün "Asan İmza” ləğv edilməlidir və "pin kod” sistemindən istifadə etməklə hesabatlar təmin edilməlidir. Bu gün fizikal səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınmalı, bu funksiyalar Vergilər Nazirliyinə verilməlidir. Fizikal funksiya dedikdə hesabatlılıqdan tutmuş, sosial müdafiə ödənişlərinin yığılmasına qədər olan vəsaitlər nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların müəyyənləşdirilməsi kimi məsələlərlə məşğul olmalıdır. Bu funksiya Vergilər Nazirliyinə verilsə, insanlar həm vergi hesabatını, həm də sosial müdafiə hesabatlarını bir quruma verər. Hesab edirəm ki, vergi və sosial ödənişlər mərkəzləşdirilməli, vahid bir sistemdə "Asan İmza” olmadan tətbiq edilməlidir".

Ofelya Ramilqızı