Nazirliyin şübhəli tenderləri - ARAŞDIRMA

Nazirliyin şübhəli tenderləri - ARAŞDIRMA

15-11-2019 18:51 / Bu xəbər 2441 dəfə oxundu

Eyni şəxsə məxsus iki şirkət necə qalib oldu? 
 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti ("Azəryaşlandşaft” ASC) 2008-ci il iyunun 13-də prezident İlham Əliyevin sərəncamı əsasında yaradılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılan qurumun vəzifələrindən biri də yeni yaşıllıq zonalarının salınması ilə yanaşı, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin bərpası, neft tulantıları və qurunt suların yaratdığı göllərin qurudulması istiqamətində işlər görməkdir. 

Cəmiyyətin tabeliyində Tingçilik İdarəsi, "Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması” İdarəsi, "Bağlı Qrunt Şəraitində Örtülü Kök Sistemli” tinglik İdarəsi, Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsi, İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi, 8, 11 və 12 saylı Yaşıllaşdırma İdarələri fəaliyyət göstərir. 
 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 2018-ci ilə olan hesabatında "Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması" İdarəsində 2018-ci ilin 3 ayı ərzində Xəzər dənizindən 225399 m3 dəniz suyu qəbul edilərək 94658 m3 su duzsuzlaşdırıldığı, istehsal edilən suyun əsasən "Bağlı Qrunt Şəraitində Örtülü Kök Sistemli” Tinglik İdarəsinin tinglik sahələrinin və 4 saylı Yaşıllaşdırma İdarəsinin ərazilərində salınmış yaşıllıqlarının suvarılmasında istifadə olunduğu qeyd edilir.
  
Həmçinin ASC ötən ilə olan hesabatında "İxtisaslaşdırılmış Kompleks Mexanizasiya İdarəsi" tərəfindən xüsusi maşın və mexanizmlər vasitəsi ilə 48.00 min ədəd çala qazıldığını, 15.50 min m3 həcmində yaşıllıq sahələrinə su daşındığını, 480 hektar ərazidə torpaq sahəsinin şumlandığını və şırım açıldığını, 101 min kv.m torpaq sahəsinin hamarlandığını deyir. 

Hesabatda qeyd olunur ki, ASC yarandığı gündən indiyədək 5.439.580 ağac becərilib. Bundan başqa, 2018-ci ildə ASC-nin ötən ilə olan hesabatında 130 min m3 həcmində dərənin doldurulduğu və torpaq yayıldığı, 132 min m3 torpaq, peyin və digər materiallar yükləndiyi, 1008 min ton torpaq, peyin və digər materialların daşındığı, 58 km uzunluğunda drenaj kanalların qazıldığı və 569 ədəd ağacın köçürdüyü də hesabatda əksini tapır. 
 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC fəaliyyətinə uyğun olaraq müxtəlif lotlar üzrə dəyəri bəzən milyonlarla manat olan tenderlər həyata keçirir.
 
Qlobal.az-ın araşdırmasına görə, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin 2019-cu ildə dörd lot üzrə sifarişçi olduğu tenderin ümumi məbləği 684.968 manat təşkil edib. 
 
684.968 min manatlıq tenderin qalibi hansı şirkətlər oldu?
 
Qurumun sifarişçi olduğu və smetası 136.573 manat olan "Kimyəvi maddələrin satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına), Elektrik mallarının satın alınması, Təsərrüfat mallarının satın alınması, Digər maşın və avadanlıqların satın alınması" və smetası 258.163 "kimyəvi maddələrin satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına), elektrik mallarının satın alınması, təsərrüfat mallarının satın alınması, digər maşın və avadanlıqların satın alınması, təsərrüfat mallarının satın alınması" lotları üzrə hər iki tenderin qalibi "Tornado-SL" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC eyni gündə - 2019-cu ilin avqust ayının 23-də daha iki tenderə yekun vurub. 
 
Qurumun sifarişçi olduğu və smetası 113.091 manat olan "kimyəvi maddələrin satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına), elektrik mallarının satın alınması, təsərrüfat mallarının satın alınması, digər maşın və avadanlıqların satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına) və smetası 177.141 manat olan "kimyəvi maddələrin satın alınması, sərfiyyat mal-materiallarının satın alınması (Xəzər dənizi və Şirvan kollektorunun sularının duzsuzlaşdırılması qurğularına), elektrik mallarının satın alınması, təsərrüfat mallarının satın alınması, digər maşın və avadanlıqların satın alınması, kimyəvi maddələrin satın alınması" lotları üzrə bu tenderlərin qalibi isə "Ekoservis-A" MMC olub. 
 
Hər iki şirkətin fəaliyyəti barədə məlumat yoxdur  
 
Araşdırmalar zamanı ASC-nin sifarişçisi olduğu tenderlərin qalibi olan "Tornado-SL" və "Ekoservis-A" MMC-nin nə əlaqə telefonu, nə də faktiki ünvanı barədə məlumata rast gəlinir. Həmçinin şirkətlərin internet ünvanları da yoxdur. 
 
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir. 

Bu MMC-lərin isə maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı və konkret hansı sahə üzrə fəaliyyət göstərdiyi, müvafiq uyğunluq qurumlardan sertifikatlarının olub-olmaması barədə də məlumatlar verilmir. 
 
Qalib olan MMC-lərin rəhbəri eyni şəxsdir...
 
"Tornado-SL" MMC 2016-cı ilin oktyabr ayının 19-da dövlət reyestrində qeydə alınıb. 
 
Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev 62 mənzil 60 ünvanıdır. 
 
Şirkətin qanuni təmsilçisi 1981-ci il təvəllüdlü Qənvərov Anar Rəcəb oğludur.
 
"Ekoservis-A" MMC 2018-ci ilin may ayının 10-da dövlət reyestrində qeydə alınıb. 
 
Əlli manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Zabrat şəhər tipli qəsəbəsi ev 33 F ünvanıdır. 
 
"Ekoservis-A" MMC-nin qanuni təmsilçisi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sifarişçi olduğu tenderlərin digər qalibi olan "Tornado-SL" MMC-nin qanuni təmsilçisi Qənvərov Anar Rəcəb oğludur.

"Azəryaşlandşaft” ASC: "Tenderdə 8 şirkət iştirak edib"
 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfovun tenderlərlə bağlı qlobal.az-ın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 4 lot üzrə keçirilmiş tenderlərdə ümumilikdə 8 iddiaçı şirkət iştirak edib: "Tender komissiyası tərəfindən qiymətləndirmə aparılıb və "Dövlət satınalmaları haqqında” Qanunda nəzərdə tutulmuş göstəricilərə, tələblərə cavab verən və ən əlverişli qiymət təklif edən "Ekoservis-A” və "Tornado-SL” MMC-lər qalib seçilib. Qalib şirkətlərlə müvafiq alqı-satqı müqavilələri imzalanıb və dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) bağlanmış müqavilələr haqqında məlumat yerləşdirilib". 

"Bağlanmış müqavilələr üzrə görüləcək işlərin bir hissəsi yerinə yetirilib, qalan hissəsi isə ilin sonunadək tamamlanacaq. Qeyd edək ki, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.-ci maddəsinə əsasən hüquqi və fiziki şəxs hər tender predmeti üzrə bir iddiaçı qismində iştirak edə və iddiaçı kimi yalnız bir təklif verə bilər. Odur ki, "Ekoservis-A” MMC və "Tornado-SL” MMC fərqli lotlar üzrə keçirilən ayrı-ayrı tenderlərdə iştirak edib", - açıqlamada deyilir. 
 
Azərbaycanda bir çox dövlət qurumlarının keçirdiyi tenderlərlə bağlı şübhəli məqamlar ortaya çıxır. Belə ki, noyabrın 4-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi keçirdiyi tenderin nəticələrini ləğv edib. Qurum bunu iki şirkətin təmsilçisinin eyni şəxs olduğu ilə əsaslandırıb. 

Tender komissiyasının adından yerləşdirilən elanda deyilir: ""Xalq qəzeti”nin 15 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yerli qurumlara yumşaq inventarların satın alınması məqsədilə dərc edilmiş kotirovka sorğusunda iddiaçılardan ikisinin ("Profamily” MMC və "M.F.Pro” MMC) qanuni təmsilçilərinin eyni şəxs olması satınalma prosedurunda sövdələşmə ehtimalı yaratdığı üçün müsabiqənin nəticəsi qüvvədən düşmüş hesab edilir”.
 
Maraqlıdır ki, "Azəryaşlandşaft” ASC nəinki nəticələri ləğv etməyib, əksinə eyni şəxsin təmsilçiliyi ilə fəaliyyət göstərən iki MMC-nin iştirakı ilə tenderə yekun vurub.