Nə etməli? - Xalid Bağırov yazır

Nə etməli? - Xalid Bağırov yazır

04-01-2019 15:40 / Bu xəbər 1156 dəfə oxundu

Xalid Bağırov

"Facebook" bizə problemləri ətraflı görməyə imkan vermir. Problemlər fb-də gündəmlik olur. Belə halda da problemlərə reaksiya gündəmə işləməyə çevirilir. Hər kəs özünü baş verən haqqında yazmağa borclu bilir, vəssalam. Bunun da problemin tam dərk edilməsinə və çözülməsinə təsiri olmur.

Siyasi Məhbus problemini öyrənmək üçün onun son 15 ildəki inkişaf trendini izləmək lazımdır. 

2005-2011-ci illər arasında siyasi məhbus məsələsi bugünkü vəziyyətdə deyildi. Hakimiyyət cəmiyyəti daha çox ölkəyə axan pulla almağa çalışırdı. Yalnız böyük balıqların, xüsusi səbəblər olduqda həbs edilməsinə ehtiyac qalırdı. Məsələn, Eynulla Fətullayev, Qənimət Zahid, Mirzə Sakit, Emin Milli və Adnan Hacızadə. Bura Avropa Şurasının ekspertləri tərəfindən siyasi məhbus kimi tanıdığı 2005-ci ildə həbs edilmiş Fərhad Əliyev və Əli İnsanovu da əlavə etmək olar. 

2011-ci ildə Ərəb baharı, fb-nin həyatımızda ciddi yer alması, lokal etirazlar dalğasının başlaması (gənclərin hərakatı, Quba, Binə, hicabla bağlı dindarların aktivizmi və sairə) hakimiyyəti 2003-cü ildən bəri uzun müddət tətbiq etmədiyi kütləvi həbslər dalğasına əl atmağa məcbur etdi. Bu trend bir qayda olaraq 2013-cü ilə kimi davam etdi. 

2013-cü ildə aktivləşmə prosesinin səngiməməsi, əksinə daha da genişlənməsi (İsmayıllı hadisələri, "Əsgər ölümlərinə son” hadisələri, dindarların daha etirazçı qüvvəyə çevrilməsi, fb-nin isə etirazın əsas mərkəzinə çevrilməsi) hakimiyyəti təqib praktikasını daha sərtləşdirməyə məcbur etdi. Bu həm qanunların sərtləşdirilməsi, həm də onların tətbiqi təcrübəsinin ağırlaşdırılması istifqamətində aparıldı. 

Məsələn, 2013-cü ilə kimi cibinə narkotik atılıb tutulanlar, adətən, CM-nin 234.1 –ci maddəsi ilə, yəni 3 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutan ittihamla həbs edilirdilərsə, indi bir qayda olaraq "üstündə və ya evində narkotik” ilə həbs edilənlər 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutan CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunurlar. 

Başqa bir misal. Əgər 2011-ci lin 2 aprel hadisələrində, 2012-ci ildə baş vermiş Quba hadisələrində və ya Binə hadisələrində təqsirli bilinənlərə 3 ilədək azadlıqdan məhurmetmə nəzərdə tutan CM-nin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham verlmişdisə, bu hadisələrdən mahiyyətcə fərqlənməyən 2013-cü ildə baş vermiş İsmayıllı hadisələrinə görə həbs edilənlərə və ya "Əsgər ölümünə son aksiyalarına” görə həbs edilən Nidaçılara 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan CM-nin 220.1-ci maddəsi ilə ittiham irəli sürüldü. 

Bundan əlavə hakimiyyət 2013-cü ildən sonra, siyasi təqib olunlara qarşı əvvəl təcrübədə tətbiq etmədiyi, yeni ittiham formalarına əl atmışdı. Dövlətə xəyanət, dövlət çevrilişi (90-larda qalmış ittihamları), iqtisai ittihamlar və sairə. 

2018-ci ildə isə hakimiyyət ilk dəfə 2009-cu ildə Eynulla Fətullayev üzərində tətbiq etdiyi, daha sonra 2016-cı ildə Əli İnsanov üzərində sınaqdan keçirtdiyi, azadlıqdan məhrum edilmiş şəxsin cəzasının başa çatmasına az qalmış yeni ittihamla həbs edilməsi təcrübəsini artıq kütləvi istifadəyə buraxdı: Telman Şirəliyev, Məmməd İbrahim və indi də Mehman Hüseynov. 

Göründüyü kimi, hakimiyyətin təqib siyasəti artan trend üzrə gedir. Bu həm də tək Mehman Hüseynov məsələsi deyil. Bu uzun gəlinən yolun davamıdır, yəni "dur" deyilməyincə artan xətt üzrə davam edəcək.

Buna qarşı cəmiyyətin müqaviməti oldumu və hakimiyyətin basqısına müvafiq artdımı, dəyişdimi, yeni trendlər ortaya qoya bildimi?
Cəmiyyət özü-özünə heç nə təklif etmir, çətin ki yaxın gələcəkdə nəsə təklif etsin. Onun ayrı-ayrı elementləri, bəlkə...
Vətəndaş cəmiyyəti nə təklif edir? Vətəndaş cəmiyyətinin aktivistləri ən yaxşı halda, siyasi məhbus siyahısı tərtib etməklə və ya "filankəs saxlanıldı”, "filankəs filan qədər cəza aldı” və sairə tipli sosial şəbəkə postlarında problemi konstatasiya etməkdən uzağa getmirlər. Daha çox basqı, daha çox konstatasiya...

Hakimiyyətin siyasi opponentləri nə təklif edir? Burda iki fərqli yol görünməkdədir: 

1) Bir qrup hakimiyyətə qarşı etirazlara çağırışlar edir. O etirazlar ki son 10 ildə nə sayı, nə keyfiyyəti dəyişir. Hakimiyyətin təqiblərinin artmasına proporsionallıqdan danışmağa isə heç dəyməz.
2) Digər qrup isə hakimiyyəti ənənəvi siyasətindən başqa oyun sahəsinə çəkmək çabası göstərir. Bununla hakimiyyətin oyun qaydasını dəyişməyə ümidlidir.

Bu yolları tənqid və tərif etməkdən uzağam. Hələ ki heç bir yol nəticə verməyib ki, digərinin yalnış olduğu müəyyən edilsin.

Bəs hakimiyyətin basqıcı fəaliyyətini durdurmaq nəzəri və praktiki baxımdan mümkündürmü?

Bəli, mümkündür. Ən azından nəzəri baxımdan bunun mümkün olduğunu göstərmək üçün hazır nəzəriyyələrə belə əl atmaq olar. Məsələnin TƏHLÜKƏNİN ÖNLƏMƏ NƏZƏRİYYƏSİ.

Hər hansı subyektdən gələn təhlükəni önləmənin ən effektiv yolu, doğurduğu təhlükənin subyektin özü üçün çox baha başa gəlməsinə nail olmaq lazımdır. Yalnız onda subyekt bu təcrübədən əl çəkir...
Bizim hakimiyyət üçün 150 nəfər siyasi məhbus saxlamaq heç də baha başa gəlmir. Əsl həqiqətdə heç "vız" belə gəlmir. Hakimiyyətin beynəlxalq aləmdə ciddi təpkiyə rast gəlməsi bir yana, məhz bu dönəmdə o, Avropa Şurasının Nazirlər komitəsinin sədri və digər beynəlxalq əməkdaşlıqda iştiraka uğurla davam etdi. Belə fikir səslənir ki, guya hakimiyyət nüfuz itirir, boş söhbətdir. Ona nüfuzu yox, hakimiyyəti itirməmək lazımdır. 

Bir də hakimiyyətin bu basqıcı siyasəti ağır atletikaçı kimi yavaş-yavaş, tədricən, alışdıraraq artırır. Odur ki, hakimiyyət Mehman Hüseynova qarşı addıma çox rahat gedir. Bəs onda sual yaranır: praktikada necə edilməlidir ki, hakimiyyətin etdikləri ona baha başa gəlsin? 

Cavaba hazırsınızmı? Alın gəlsin, bir neçəsini sadalayaq:

1) 150 nəfərlik siyasi məhbusu daşımaq hakimiyyət üçün heç bir problem yaratmırsa, belə halda siyasi məhbusların sayı qısa bir zamanda minlərlcə olmalıdır ki, hakimiyyət bu yükün altında əzilsin.
2) Daha bir üsul Britaniyada baş tutub. İngiltərə türmələrində irland məhbuslar özlərinə qarşı rəftara etiraz edirdilər. Lakin Tetçer hökuməti israrlı idi, geri dönmək fikri yox idi. Bob Sands və bir çox məhbuslar ölüm aclığına başladılar. Bu aclıq nəticəsində 8 məhbus öldükdən sonra hakimiyyət artıq davam gətirə bilmədi. Məcburiyyət qarşısında siyasətindən imtina etdi, yeni qanunlar qəbul etmək zorunda qaldı. 
3) Daha bir vasitə hakimiyyətin hərəkətləri ölkədə bitirici etiraz hərəkatına səbəb olmalıdır. Bir anda on və ya yüz minlərin meydana çıxıb hakimiyyəti geri çəkilməyə məcbur etməsindən söhbət gedir.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.