"Nə yalandır, Eldar Mahmudovun ona qayığısı?" - Ehtiyatda olan hərbçi

27-06-2016 02:18 / Bu xəbər 3299 dəfə oxundu

"21 aprel 2016-cı ildə Agdam rayon məhkəməsi Məmmədov Raqubun iddia ərizəsinə baxıb və qərar verib ki, yazdıqlarım təkzib olunsun və məndən mənəvi ziyan vurduğum üçün 200 manat tutulub Talasemiya mərkəzinə ödənilsin. Qətnamə mənə göndərilib  və sözün düzü, məni məəttəl qoyub. Söhbət Qətnamənin ədalətli olub-olmamasından getmir, bu, əlbəttə, hüquqi məsələdir, və hüquq müstəvisində araşdırılmalıdır. Söhbət ondan gedir ki, məhkəmənin bu qərarını ümumiyyətlə yerinə yetirmək mümkün deyil. Məsələn, Qətnamədə yazılıb ki, mənim yazdıqlarım yalan sayılsın və təkzib edilsin. Amma hüquq-məhkəmə təcrübəsinə zidd olaraq, dəqiq yazılmayıb ki, məhz hansı yazdıqlarım yalandır".

Bunu Arqument.Az-a ehtiyatda olan hərbçi, Azərbaycan Ordusunun zabiti Vasif Eyvazov Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla arasında yaşanan məhkəmə qalmaqalını şərh edərkən deyib. 

Onun sözlərinə görə, icra başçısı ictimaiyyəti çaşdırmaqla yanaşı, məhkəməyə də müdaxilə edir: 

"Yaxşı, desinlər də, nə yalandır? Bəlkə, keçmiş MTN naziri Eldar Mahmudovun keçmiş MTN işçisi Məmmədov Raquba qayğı göstərməsi? Soruşmaq ayıb olmasın, bəs polkovnik-leytenant, polkovnik rütbələrini Raquba kim verib? Bəs onu vacib cəbhəyanı Tərtər rayon MTN şöbəsinə kim rəis təyin etmişdi? Bəs İcra başçısı təyin olunanda ona xidməti xasiyyətnaməni kim verib?

Nə yalandır? 

Kütləvi informasiya vasitələrində Raqub Məmmədov rayonu dua-cadu ilə idarə edir yazıldığı? Mən məhkəməyə müvafiq scrinşotları təqdim etmişəm axı və onlardan açıq-aydın görünür ki, belə məqalələr, həqiqətən də, var. Mən yalnız buna öz inancımı əlavə etmişəm ki, mən buna inanıram. İnanca görə məhkəməyə verirlər? Mən bu gündə əminəm ki, dövlətin qanunun, məhkəmənin qərarın yerinə yetirmək əvəzinə haqqın tələb edəni məhkəmələrə çəkmək alçaq və şərəfsiz adamların sənətidir, adətidir və bu barədə car çəkirəm. Yalan deyirəm? Mən dediyimi dedim, indi görək bu sözləri öz payına götürüb kim məni növbəti məhkəməyə verəcək.

Nə yalandır?

Raqub Məmmədov məhkəmə qərarın açıq şəkildə yerinə yetirmir. Məgər bu yalandır? Ey Allahı sevənlər, keçən yazımda Ağdam rayon icra şöbəsini rəisinin və icra məmurunun qərarlarının fotosunu sərgiləmişdim. Axı bu qərarlar məcburi icra haqqındadır və elementar məntiqə görə əgər Məmmədov Raqub Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarını yerinə yetirsəydi, onu məcbur etməyə ehtiyac olmazdı.

Bu Qətnaməni oxuyanda amerikalı məhşur yazıçı Mark Tvenin bir əhvalatı yadıma düşdü:
 
Bir dəfə o bir çağdaşı haqqında felyeton yazıb və onu belə bitirib: ”Centelmen F heç üzünə tüpürməyə də layiq olmayan bir adamdır”. 

Centelmen F yazıçını məhkəməyə verir və tələb edir ki, felyetonda yazılanlar təkzib edilsin.
 
Məhkəmənin qərarını alan Mark Tven qəzetinin növbəti nömrəsində belə bir yazı dərc edir; 

”Məhkəmənin qərarını yerinə yetirərək yazdıqlarımı təkzib edirəm: ”Centelmen F üzünə tüpürməyə layiq olan bir adamdır”
Mənim üçün maraqlı bir məqam da var: görəsən, Məmmədov Raqub bu Qətnaməni alanda hansı hissləri yaşayıb? Özünü qalib sanıb, ətrafındakıları amiranə baxışla süzüb və "gördünüz necə mələtdim?”, - deyib? Deyibsə, yazıqlar olsun!

Döyüşü uduzmaq hələ müharibəni uduzmaq deyil. Müharibəni udmaq da qalib gəlmək deyil.

Əlbəttə, mən bu qərardan apellyasiya şikayəti verəcəyəm. Əlbəttə, əgər şikayətim təmin edilməsə və qərar qüvvədə qalsa, onu yerinə yetirəcəyəm, çünki mənim inancım və vətəndaş mövqeyim budur: qanuna xoşuna gəlsə də, gəlməsə də əməl etmək lazımdır. Əslində, qanun kağız üstündə yazılmış davranış qaydalarıdır. Onu ali bilib başında tac kimi tutanlar da, aftafa kimi istifadə edənlər də insanlar özləridir".

Qeyd edək ki, bir müddət öncə Ağdam rayon sakini, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Vasif Eyvazovun üzləşdiyi problemlə bağlı göndərdiyi müraciətini dərc etmişdik. Həmin müraciətdə ehtiyatda olan zabit bildirmişdi ki, icra başçısı Raqub Məmmədov dövlət tərəfindən ona ayrılan mənzilin verilməsində əngəl törədir. Zabitin iddialarından sonra icra başçısı onu "şərəf və ləyaqətini ləkələdiyi üçün" məhkəməyə verib. Hazırda zabitlə icra başçısı arasında məhkəmə çəkişməsi davam edir. 

Məsud TURAN
Arqument.Az