"Neftçilər’ metrosundan bazaradək ağaclar məhv edilib..." - Sakinlər

11-09-2017 14:08 / Bu xəbər 1221 dəfə oxundu

"Yaşıllıq zolaqlarını hissə-hissə hasara alıb qırırlar, hasar söküləndə baxırsan ki, ağacların yerində möhtəşəm bir ticarət obyekti tikilib".

Bunu AzadlıqRadiosu-na Qara Qarayev prospekti, 57 ünvanında ("Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı) yaşayan sakin Daşdəmir Süleymanov deyir.

"YALANDAN YAZIRLAR Kİ, PARK OLACAQ”

Bir müddətdir ki, Neftçilər metrosundan bazaradək yolun sağ və solundakı şam ağacları və başqa növ ağaclar kəsilir. Ərazidə iri ticarət və iaşə obyektləri tikilir. Yolboyu binalarda yaşayanlar bu barədə dəfələrlə Prezident Administrasiyasına və başqa aidiyyəti qurumlara müraciət ediblər. Lakin necə deyərlər, mişar öz işindədir. Sakinlər vaxtaşırı, əsasən, gecə saatlarında özləri də istəmədən ağac kəsiminin şahidinə çevrilirlər.
Qara Qarayev prospekti,
Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.

57 saylı binada yaşayan Fərrux Camalov:

"Bu dəqiqə üzbəüz yaşıllığı hasara alıblar. Bir tərəfində ağaclar artıq kəsilib, bu biri tərəfini də yenicə hasarladılar. Deməli, yalandan yazıb hasarın üstünə yapışdırırlar ki, burda park olacaq, sonra da hasarın arxasında işlərini görürlər. Bax, elə Neftçilər metrosundan bazara tərəf gələn yolun sağında iri ticarət obyektləri tikilib, sağında da ağacların bir qismi qırılıb, yerində metal konstruksiyadan kabinələr quraşdırılıb. Görünür ki, qırdıqları ağacların yerində kafe açacaqlar".

"BİR-BİRLƏRİNİ ÖRT-BASDIR EDİRLƏR”

52 saylı binanın sakini Ruslan Tanrıverdiyev:

"Metrodan bazara tərəf gələndə yol kənarları sıx yaşıllıq zolağı idi. Əvvəla, orda xüsusi park salmağa ehtiyac yoxdur, yaşıllıq bəs edir. İkincisi də, elə bil, uşaq başı aldadırlar, sıx ağaclıqdan əsər-əlamət qalmayıb. Kəsdikləri ağacların yerini də tez betonlayırlar. Beləcə, bir-birlərini ört-basdır ediblər. Neftçilər metrostansiyasının o dörd tərəfinə gedən yollarda o qədər ağac kəsilib ki, sayı-hesabı bilnmir.
Qara Qarayev prospekti,
Qara Qarayev prospekti, "Neftçilər" metrosunun yaxınlığı, 8-ci kilometr bazarının qarşısı.

Qeyd olunan ünvan Nizami rayon icra hakimiyyətinin lap burnunun ucudur. Qurumun inzibati binası həmin küçəylə paralel küçədə yerləşir. Qurumdan "qaynar xətt"ə bildirilib ki, iri ticarət obyektlərinin yeri boş olub: "Orda ağac kəsimindən söhbət gedə bilməz. O ki qaldı metrodan bazara tərəf yolboyu yaşıllıq zolağına, yolun solundakı yaşıllıqda park salınır. Vaxtı çatanda sakinlər özləri də şahidi olacaqlar".