"Neftin qiyməti qalxmayacaq" - Həbsdə olan iqtisadçı

26-08-2016 15:43 / Bu xəbər 2392 dəfə oxundu

Avqustun 12-dən həbsdə olan iqtisadçı, Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli "Facebook" səhifəsində son günlər neft bazarında baş verən hadisələri şərh edib. 

Qaynarinfo.Az xəbər verir ki, iqtisadçı ekspert son günlər baş verən hadisələri "maraqlı" adlandırıb:

"Son günlər neft bazarında maraqlı hadisələr baş verir. OPEK ölkələri "sözlü müdaxilələrlə" bazarda qiyməti yuxarı çəkməyə çalışır. Amma sentyabrın sonunda OPEC-in qeyri-rəsmi sammitindən öncə, FED-in ( Federal Rezerv Sistemi) toplantısı olacaq. Bu toplantıda faiz artımı ehtimalı çox yüksəkdir. Faiz artsa dollar bahalaşacaq. Bu da daha ucuz neft demək olacaq. Məhz FED qərarını önləmək, təsirlərini azaltmaq üçün "sözlü müdaxiləyə" başlayıblar. Amma bunun ciddi təsiri olmayacaq, neft hələ uzun zaman 40-50 dollar arası "rəqs edəcək".

Xatırladaq ki, Respublikaçı Alternativ hərəkatının icraçı katibi Natiq Cəfərli 12 avqust 2016-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddələri ilə təqsirli bilinir.

ReAl Hərəkatı Natiq Cəfərlinin həbsini siyasi sifariş hesab edir.

Arqument.Az