Neftin qiyməti yenidən bahalaşıb

Neftin qiyməti yenidən bahalaşıb

30-08-2018 15:06 / Bu xəbər 6284 dəfə oxundu

İlham Şaban: "Bazara Amerika faktoru təsir edir”

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

"Azərtac” agentliyi yazır ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar bahalaşaraq 77,28 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar artaraq 69,65 dollar olub.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətinin artımı ilə bağlı deyib ki, buna səbəb dünya birjalarına təsir edən Amerika faktorudur:

"Dünən ABŞ Enerji Administrasiyası ölkənin həftəlik neft ehtiyatlarına dair ənənəvi hesabatını açıqladı. Analitiklərin proqnozları belə idi ki, ehtiyatlar 0,7 mln barrel azalacaq. Ancaq reallıqda bu göstərici 2.6 mln barrel oldu. Təbii ki, belə bir azalma tempi dünya birjalarına təsirsiz ötüşməyə bilməzdi”.

İlham Şaban deyir ki, hazırda birjalar bunun şok effektini yaşayırlar:

"Hesab edirəm ki, sabah qiymətlərdə korrektə (stabilləşmə) ola bilər və qiymətlər bir qədər enər. Təbii əgər ki, İranla bağlı hansısa statistika və ya digər faktorlar bazara təsir etməsə...”.