Nemət Əliyev: "Üzü qışa doğru sosial vəziyyət daha da ağırlaşacaq"

Nemət Əliyev:

07-08-2019 16:54 / Bu xəbər 1499 dəfə oxundu

''Əksəriyyət bu il meyvələrə ürəyi istəyən qədər yaxın düşə bilmədi''

Dövlət Statistika Komitəsi 2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, ərzaq məhsullarının isə 1,3 faiz bahalaşdığını açıqlayıb.

Məlumatda deyilir ki, qiymətlər bu il iyun və iyul ayının birinci yarısında baha olub, ancaq iyulun sonundan başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə olunur:

"Buna görə də, qiymətlərin dəyişməsini 2 ay üzrə deyil, ümumilikdə yarım il üzrə müqayisə etmək lazımdır. Bu dövr ərzində albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində ucuzlaşma olub. Ancaq limon, çiyələk, şabalıd və digər mallar bahalaşıb”.

İqtisadçı Nemət Əliyev deyir ki, iyulun sonundan başlayaraq (əvvəlki ayla müqayisədə) ucuzlaşma qeydə alınsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qiymətlər artıb. Odur ki, bu ilin yanvar-iyun dövründə ucuzlaşmaya dair yayılan məlumatlar gerçək deyil: "Bu gedişatla üzü qışa doğru sosial vəziyyət daha da ağırlaşacaq. Meyvə-tərəvəz məhsulları da bahalaşıb. Bu səbəbdən əksəriyyət bu il meyvələrə ürəyi istəyən qədər yaxın düşə bilmədi. Bu üzücü vəziyyət indi də davam edir”.

İqtisadçı deyir ki, bu il nəinki meyvələr, ötən illə müqayisədə, hətta əksər kənd təsərrüfatı məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb: "DSK isə uydurduğu cəfəngiyyatları üst-üstə qalaqlayaraq ölkə üzrə inflyasiya göstəricisi hesablayıb və guya istehlak malları bu il 2,5 faiz bahalaşıb. Dövlət başçısı İlham Əliyev isə reallıqla əlaqəsi olmayan bu cür rəqəmlərə istinad edərək deyir,"bu, yaxşı göstəricidir””.

DSK
Mənbə: meydan.tv

N. Əliyev bildirir ki, belə "yaxşı göstəricilərlə” bir addım da irəli getmək mümkün deyil: "Belə ki, rəsmi məlumatlara əsasən, apardığımız konkret hesablamalar göstərir ki, hələ yalnız 30 faiz bahalaşan idxal malları hesabına ümumi məhsul bazarları 14 faiz, ümumi istehlak bazarları isə 11 faizdən çox bahalaşıb. Yerli malların bahalaşma təsirini də buraya əlavə etsək, o zaman bahalaşma səviyyəsinin daha yüksək olması üzə çıxar. Əgər bu ilin yanvar-iyun aylarında əhalinin nominal gəlirlərinin 6,6 faiz artmasını nəzərə alsaq, onda əhalinin alıcılıq qabiliyyətinin azı 4,4 faiz pisləşməsi məlum olur”.

"Turan” İnformasiya Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbəti də qiymətlərin bahalaşdığından xəbər verir.

Agentliyin araşdırmasında bildirilir ki, 2019-cu ilin iyulunda Bakıda ərzaq mallarının qiyməti orta hesabla 0,3 faiz bahalaşıb: "İyunda qiymətlər 0,1 faiz bahalaşıb. Mayda 2,9, apreldə 2, martda 0,7, fevralda və yanvarda isə 0,2 faiz ucuzlaşıb. 2017-ci ilin dekabrında 2 faiz azalma, noyabrda 2,4 faiz artım olub. Oktyabrda qiymətlər dəyişməyib. Sentyabrın sonunda tərəvəz və meyvə mövsümünün bitməsi ilə bağlı 5,4 faiz artım olub”.

Araşdırmada bildirilir ki, pomidor (-30 faiz), soğan (-25 faiz), xiyar (-18 faiz), qənd (-4 faiz), kərə yağı (-1,2 faiz) ucuzlaşıb.

Yumurta (+37 faiz), alma (+20 faiz), şəkər tozu (+10 faiz), kartof (+5,7 faiz), mal əti (+4,7 faiz), kələm (+3 faiz) bahalaşıb.

Digər məhsulların qiyməti idə dəyişməz qalıb. Avqustda bostan və meyvə mövsümünün başa çatması ilə əlaqədar olaraq, bu növ məhsullarda qiymət artımı gözlənilir. Ancaq səbətin qiymətində ciddi bir artım gözlənilmir.

2018-ci ilin avqustunda ərzaq məhsullarının qiymətində 0,2 faiz ucuzlaşma olmuşdu.

Meydan.tv