Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyəti 1 il dayandırıldı

Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyəti 1 il dayandırıldı

24-04-2018 01:35 / Bu xəbər 2821 dəfə oxundu

Baş prokurorun müavini vəkilləri Əfqan Muxtarlı ilə Gözəl Bayramlının işini siyasiləşdirməkdə günahlandırır

Vəkillər Kollegiyası aprelin 23-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.

Məlumatı Meydan TV-yə Nemət Kərimli verib.

Nemət Kərimli deyib ki, Rüstəm Usubov onu jurnalist Əfqan Muxtarlının işini siyasiləşdirməkdə ittiham edib. Eyni ittiham Əsabəli Mustafayevə də qarşı irəli sürülüb. O isə AXCP sədrinin müavini Gözəl Buaramlının işini siyasiləşdirməkdə günahlandırılır.

Nemət Kərimli deyir ki, Vəkillər Kollegiyasının qərarını alandan sonra məhkəmə iddiası qaldıracaqlar.

Nemət Kərimli

Jurnalist Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib. Gürcüstanda yaşayan jurnalist mayın 29-da "yoxa çıxıb”, səhərisi Azərbaycanda ona qarşı ittiham irəli sürülüb. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Əsabəli Mustafayev

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

3 il azadlıqdan məhrum olunan Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilirdi.

G. Bayramlı ittihamları qəbul etmir və saxta adlandırır. O, məhkəmədə ifadə verərkən deyib ki, pul çantasına sərhəd-keçid məntəqəsində atılıb və şərlənib. AXCP sədrinin müavini həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Bu ilin yanvarın 22-də Vəkillər Kollegiyası Fəxrəddin Mehdiyev barəsində də analoji qərar qəbul etmişdi. Ötən ilin noyabrında isə kollegiya Yalçın İmanovu üzvlükdən xaric etmişdi.