Nemət Kərimliyə Gürcüstandan dəstək

Nemət Kərimliyə Gürcüstandan dəstək

10-05-2018 14:30 / Bu xəbər 1891 dəfə oxundu

Tbilisidə fəaliyyət göstərən İnsan Hüquqları Evi və onun üzv təkilatları həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin fəaliyyətinin bir illik dondurulmasını pisləyən bəyanatla çıxış edib. 

Sənəddə deyilir ki, vəkil Nemət Kərimli Azərbaycan Baş prokurorunun müavini tərəfindən verilən təqdimat əsasında aprelin 23-də – Əfqan Muxtarlının məhkəmə prosesinin başa çatmasına 1 gün qalmış Vəkillər Kollegiyasının rəyasət heyətinin qərarı ilə vəkillikdən bir müddətinə uzaqlaşdırılıb. 

Baş prokurorun müavini öz təqdimatında Muxtarlının vəkilini KİV-də müsahibə verərək ictimaiyyəti çaşdırmaqda, potensial şahidlərə təsir etmək və qanunu pozmaqda günahlandırıb. Azərbaycan Vəkillər Kollegiyası Nemət Kərimlinin iki müsahibəsini araşdırıb. 

Birinci müsahibədə vəkil bildirib ki, Əfqan Muxtarlı 2017-ci il mayın 30-da oğurlanıb. O, bir faktı da vurğulayıb ki, Azərbaycanda Əfqan Muxtarlının həyatına təhlükə olduğu üçün, Gürcüstan onu təhvil verə bilməzdi. 

Digər müsahibəsində isə vəkil bildirib ki, onun Əfqan Muxtarlı ilə görüşləri dinlənilir və əlavə edib ki, "hətta avoritar rejimlərdə də vəkilin öz müştərisi ilə ünsiyyəti bu qədər açıq şəkildə izlənilmir. 

Tbilisi İnsan Haqları Evi bəyan edib ki, Vəkillər Kollegiyasının Nemət Kərimli ilə bağlı qərarı vəkilin öz peşə fəaliyyətini həyata keçirməsinə əngəl olmaqla yanaşı, həm də söz və ifadə azadlığının pozulmasıdır.  Sənəddə bildirilir ki, bu qərar həmçinin Əfqan Muxtarlının ədalətli məhkəmə hüququnun kobud surətdə pozulmasıdır.  

Sənəddə Nemət Kərimlin vəkillik fəaliyyətinin bərpa edilməsi və Əfqan Muxtarlıya qarşı qanunsuzluqlara son qoyulması tələb edir.

Bastainfo.com