"Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?!" - Zahid Oruc

07-03-2017 18:08 / Bu xəbər 1581 dəfə oxundu

"Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil"

Martın 7-də Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova illik məruzə ilə çıxış edib. O bildirib ki, 2016-cı ildə Ombudsmana 20 minə yaxın müraciət daxil olub:

"Ötən ildə müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib.

Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanası və Müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib.

Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.

Deputat Zahid Oruc bildirib ki, ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır. O bildirib ki, cəmiyyətdə olan bir çox ciddi problem var ki, hesabatda, ümumiyyətlə, adı keçmir:

"Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil. Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?! Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Komitəsinin rəisi Mədət Quliyev dedi ki, 950-dən çox Azərbaycan vətəndaşı İraqda, Suriyada ekstremist təşkilatların tərkibində döyüşür. Bəs nədir onları Azərbaycandan uzaqlaşdıran? Hesabatda niyə bunlardan danışılmır?”

Zahid Oruc hesabatda kredit borcları üzərində məhkəmə çəkişmələri haqqında məsələlərin olmamasını da vurğulayıb. "Nəyə görə axı bunlar qeyd olunmur? Bununla yanaşı, Azərbaycanın Baş Prokurorluğunda "MTN işi” ilə bağlı istintaq tədbirləri görülür. Amma bunlar hesabatda qeyd olunmayıb. Niyə bunları deməli deyilik?! Narkotik vasitələrin hansı mənbələrdən gəldiyi bəllidir. Polis onun qarşısını almaq üşün çox işlər görüb. Yoxsa "ağ ölüm” dediyimiz bəla indi bütün Azərbaycana yayılmışdı”.

Deputat Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun narkotik işləri üzrə polislərin "plan doldurması” barədə düdiklərini də çıxışına əlavə edib:

"Bu, təkcə polisə deyil, həm də prokurorluq orqanlarına ittihamdır. Bundan başqa, məhkəmələr özü də müstəqil olmalıdır axı. Kimlərəsə qondarma ittihamlar irəli sürülübsə, məhkəmə qərar verib onları azadlığa buraxmalıdır”.

Deputat Fazil Mustafa da bildirib ki, ölkə prezidenti ölkədə cəza siyasətinin yumşaldılması ilə bağlı fərman versə də, yenə də məhkəmələr ağır cəzalar verməkdə davam edirlər:

"400 manata görə adamı tutub bir neçə illlik türməyə atırlar, onun ailəsi, uşağı isə acınacaqlı duruma düşür. Axı onlar da bizim vətəndaşlarımızdır”.

Deputat Elmira Axundova isə hesabatı qənaətbəxş hesab etdiyini vurğulayıb. Çıxışa çox sayda deputat yazılsa da, söz alan vitse-spiker hesabatı səsə qoymağı təklif edib. Çıxış üçün israr edən olmayınca, hesabat səsə qoyularaq qəbul edilib. 

mənbə: meydan.tv