"NİDA" 7 yaşını qeyd etdi - FOTOLAR
05-02-2018 00:08 / Bu xəbər 2098 dəfə oxundu
4 fevral "NİDA" Vətəndaş Hərakatının yaranmasından 7 il ötür.
Təşkilat bu münasibətlə Müsavat Partiyasının qərargahında tədbir keçirib.
Tədbirin aparıcıları nidaçı Nəcmin Kamil və Fidan Həsənzadə olub.
Toplantıda "NİDA" Vətəndaş Hərakatının yarandığı gündən etibarən məqsədi, keçdiyi yol və digər məsələlər barədə söz açılıb.
"NİDA" Vətəndaş Hərakatının İdarə Heyətinin üzvü Məsud Əskər təşkilatın fəaliyyətindən, gələcək planlarından və 2018-ci il seçkilərindən danışıb.
O, seçkilərdə iştirakın vacibliyini vurğulayaraq, müxalif qüvvələri vahid mərkəzdə və vahid lider ətrafından birləşməyə çağırıb.
Sonra qurumun hazırda həbsdə olan 5 üzvü haqqında video nümayiş olunub.
Siyasi partiya liderləri, partiya funksionerləri, siyasi məhbus ailələrinin iştirak etdiyi tədbirdə 100-ə yaxın adam olub.
İlk söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib. Cəmil Həsənli "NİDA"çı gənclərin Azərbaycanın azadlıq mübarizəsində necə mühüm rola malik olduqlarını söyləyib.
Onun sözlərinə görə, "NİDA"-çı gənclərin məhkəmə prosesləri, onlara olan basqılar "NİDA"-nın hakimiyyətin ən çox qəzəbinə tuş gələn topluluq olduğunu göstərir.
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər gənclər təşkilatları arasında xüsusi seçilən "NİDA"nı təbrik edib.
İsa Qəmbər bildirib ki, "NİDA-çı gənclər onun üçün doğmadır, yaradıcıları isə övladı kimidir.
O, gənclərin nə zaman köməyə ehtiyacı olarsa, onlara dəstək olacağını bildirib. "Sizin uğurunuz mənim sevincim, başarısızlığınız isə kədərimdir”, - deyə bildirib.
2018-ci ilin dəyişikliklər ili olacağını qeyd edən İsa Qəmbər hər kəsi mübarizədə aktiv olmağa çağırıb.
REAL Hərakatının İcraçı katibi Natiq Cəfərli isə "NİDA"nın yaranma günü ilə İlqar Məmmədovun həbs ildönümünün üst-üstə düşdüyünü bildirib və siyasi məhbuslara azadlıq tələb edib.
N.Cəfərli nidaçıları "gənc nəfəslər" adlandırıb və onların azadlıq hərakatında mühüm rola malik olduğunu deyib.
Müsavat Partiyası başqanı Arif Hacılı "NİDA"çıların tutduqları yolu təqdir etdiyini bildirib.
Siyasi məhbus məsələsinə toxunan Arif Hacılı qeyd edib ki, demokratik olmayan bir sıra ölkələrdə belə 3-5 siyasi məhbus varkən, Azərbaycanda təkcə "NİDA" Vətəndaş Hərakatının 5 siyasi məhbusu var.
Hazırda həbsdə olan AXCP sədrinin müavini siyasi məhbus Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur da çıxışında ölkədəki siyasi basqılara toxunub.
O bildirib ki, həbslərdən, həbsxanalardan qorxmaq lazım deyil: "Mən Fuadın yanına gedəndə görürəm ki, o, məndən də yaxşıdır. Həbsləri gözümüzdə qorxuya çevirmədən mübarizəni davam etdirməliyik”.
D18 Hərakatının İdarə Heyətinin üzvü, vəkil Samirə Ağayeva, hüquq müdafiəçisi Oqtay Gülalıyev, Elnur Astanbəyli, Xaliq Bahadur və Rəhman Məmmədli də çıxış edərək fikirləini bölüşüblər.
Rəsmi hissə yekunlaşdıqdan sonra tort kəsmək üçün "Heykəl məhbusları”nın valideyinləri səhnəyə çağırılıb.
"NİDA" Vətəndaş Hərəkatı Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında yaradılmış hərəkatdır.
Hərəkat 7 nəfərdən ibarət İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti hər il hərəkatın daxilində keçirilən seçkilərlə qurulur.
"NİDA"nın gündəliyinə qeyri-zorakı vətəndaş etirazlarının – mitinq, küçə yürüşləri, piket, flashmob və s. təşkil edilməsi, sosial araşdırmaların aparılması, seminarlar, treninqlərin keçirilməsi kimi fəaliyyətlər daxildir.
"NİDA" Vətəndaş Hərəkatının ümumilikdə 250-dən çox üzvü var və hazırda onların 5-i (İlkin Rüstəmzadə, Qiyas İbrahim, Bayram Məmmədov, Elgiz Qəhrəman, Əfqan Muxtarlı) siyasi məhbusdur.///toplum.tv