NİDA-çı gəncin şikayəti Avropa Məhkəməsində

NİDA-çı gəncin şikayəti Avropa Məhkəməsində

08-09-2017 16:43 / Bu xəbər 1280 dəfə oxundu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Vətəndaş Hərəkatının inzibati qaydada 30 sutka həbs olunmuş üzvü Rəhim Vəliyevin şikayətini icraata qəbul edib.

Bu haqda məhkəmənin məlumatında bildirilir.

İcraata qəbul edilmiş şikayətdə qeyd edilir ki, gənc fəal əsasız yerə inzibati qaydada həbs edilib və saxlanan zaman işgəncəyə məruz qalıb.

Rəhim Vəliyevin inzibati qaydada həbs edilməsi barədə qərardan ölkə daxilində məhkəməyə şikayətlər edilsə də, həmin müraciətlər rədd olunmuşdu.

Vəkilləri onun işgəncəyə məruz qalması iddialarını da yerli məhkəmələrdə qaldırmışdılar. Ancaq həmin şikayətlər də təmin edilməmişdi.

AİHM-ə şikayətdə vurğulanır ki, yerli məhkəmələrin inzibati həbs və işgəncə iddiasının araşdırılması ilə bağlı qərarları gənc fəalın Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsində nəzərdə tutulan hüquqlarını pozub. Habelə, 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsi üzrə də onun hüquqlarının pozulduğu bildirilir.

Məhkəmədən həmin maddələrin pozuntusunun tanınması, bunun kompensasiya edilməsi istənilir.

R.Vəliyev bu il yanvarın 16-sı saxlanmışdı.

Saxlanmazdan əvvəl onun yaşadığı mənzildə axtarış aparılmışdı. Verilən məlumatlara görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onun iştirakı olmadan mənzilində axtarış apararaq, gəncin telefon və noutbukunu götürmüşdü.

R.Vəliyev polis əməkdaşının tələblərinə əməl etməməkdə günahlandırılmışdı. Gəncə yanvarın 16-sı məhkəmənin qərarı ilə 30 gün inzibati həbs cəzası verilmişdi.

Gənc fəal yanvarın 20-si vəkili vasitəsilə ictimaiyyətə məktub göndərmişdi. Məktubda Nərimanov Rayon Polis İdarəsində təhqirə və işgəncələrlə məruz qaldığını yazmışdı.

Gəncin açıqlaması ilə bağlı Daxili İşlər Nazirliyi onda hər hansı münasibət bildirməmişdi. Ancaq ümumilikdə ölkənin hüquq mühafizə orqanları bir qayda olaraq işgəncə şikayətlərini qəbul etmirlər.///azadliq.org