NİDA üzvü: "Əfqan Muxtarlı ilə görüşə icazə vermədilər"

NİDA üzvü:

25-05-2018 18:25 / Bu xəbər 3049 dəfə oxundu

"Heç bir əsas gətirmədən, sənədləri geri qaytardılar”

NİDA idarə heyətinin üzvü Məsud Əskər Əfqan Muxtarlı ilə görüşə cəhd etdiyini, lakin heç bir əsas gətirilmədən buna icazə verilmədiyini bildirib.

"Bu gün Əfqan Muxtarlı ilə görüşmək üçün 16 saylı Cəzaçəkmə Müəssisəsinə getmişdik. Görüş üçün bütün prosedurları keçəndən sonra sənədləri gətirib qaytardılar ki, icazə verilmir”, - M.Əskər sosial şəbəkələrdə yazıb.

O, bildirib ki, görüşə heç bir səbəb göstərmədən icazə verməyiblər: "Müəssisənin rəisi ədliyyə polkovnik-leytenantı Şahin Həsənovun icazə vermədiyi deyildi. Halbuki bizim etibarnaməmiz var və bundan əvvəl Kürdəxanıda Əfqanla görüşmüşük”.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.