Nigar Həzi Tofiq Yaqubluya verilən işgəncədən danışıb

Nigar Həzi Tofiq Yaqubluya verilən işgəncədən danışıb

24-10-2019 12:46 / Bu xəbər 2560 dəfə oxundu

Oktyabrın 23-də Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri Tofiq Yaqublu ilə görüşüblər.

Bu barədə Ombudsmanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Tofiq Yaqublu konfidensial qaydada dinlənilib, müraciətləri qəbul olunub: "Müəssisədə saxlanılan şəxslərin hüquqlarının təmin olunma vəziyyəti, qaldırılan məsələlər, sənədləşmə araşdırılıb, onların bir sıra müraciətləri, o cümlədən T.Yaqublunun ailə üzvü ilə görüşü və saxlanma şəraiti ilə bağlı müraciəti təmin edilib".

Görüşdə danışılanlar barədə məlumat verilməsə də, başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunduğu bildirilib.

İctimai fəal Nigar Həzi da feysbuk hesabında hazırda inzibati həbsdə olan atası Tofiq Yaqublu ilə görüşdüyünü bildirib.

Onun sözlərinə görə, görüş 5 dəqiqə çəkib: "Bütün dostlara salamı var. Onu müdafiə edən hər kəsə minnətdarlığını bildirdi. Möhkəmdir, əzmlidir və "mübarizəyə davam" söylədi”.

"Mənim qolumu arxadan rezin qandalla qandallayıb yuxarı dartaraq 1 saat təpik və yumruqla döydülər. Döyə-döyə məndən tələb edirdilər ki, "De ki, səhv etmişəm. İmtina edirəm mübarizədən". Mən onların istədiklərini demədikcə, daha bərk döyürdülər", - deyə Nigar Həzi Tofiq Yaqublunun ona söylədiklərini qeyd edib.

Nigar Həzi bildirib ki, görüş şüşəarxası olub və Tofiq Yaqublunun üzündə işgəncənin əlamətləri hələ də qalıb: "Qabırğasının bərk ağrıdığını bildirdi. Sağ qolu da həmçinin çox ağrıyır. Qolunu qaldıra bilmirdi, üzündə qançır izləri varıydı. Üzündəki şişkinliklər hələ də keçməmişdi”.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu oktyabrın 19-da metronun "28 may” stansiyasının önündə təyin edilən mitinq zamanı həbs olunub. 

O, 30 sutka inzibati həbs cəzası alıb.

Vəkili ilə görüşdə Tofiq Yaqublu ona işgəncə verildiyini desə də, Daxili İşlər Nazirliyi bəyanat yayaraq, bunu təkzib edib.///Toplum.Tv